"Bank of Baku"nun ilk rübdə faiz gəlirləri 40,7 milyon manat təşkil edib.
FED.az bu barədə bankın rüblük hesabatına istinadən xəbər verir.
İllik müqayisədə gəlirlər 5,5 milyon manat, yəni 16% artıb.
Faiz gəlirlərinin 39 milyon manatı müştərilərə verilmiş kreditlərdən əldə edilən gəlirlər hesabına formalaşıb ki, bu da illik müqayisədə 6,3 milyon manat (19%) çoxdur.
Bundan başqa banklar və digər maliyyə institutlarına verilən kreditlər üzrə faiz gəlirləri 15 min manat, banklar və digər maliyyə institutlarındakı depozitlər üzrə faiz gəlirləri 710 min manat, ticarət və investisiya qiymətli kağızları üzrə faiz gəlirləri 869 min manat, digər faiz gəlirləri isə 188 min manat təşkil edib.
Hesabat dövründə bankın faiz xərcləri 1,9 milyon manat (14%) artaraq 15,1 milyon manata bərabər olub. Bunun da böyük hissəsi - 14,2 milyon manatı depozitlər üzrə faiz xərcləridir ki. bu da illik müqayisədə 1,9 milyon manat (15%) çoxdur.
Bankın xalis faiz gəlirləri isə 25,6 milyon manat təşkil edib. Bu da son bir ildə 3,7 milyon manat və ya 17% çoxdur.