“Bank BTB”dən bankın 2022-ci ilin I rübünü zərərlə başa vurması məsələsinə aydınlıq gətirilib.
FED.az xəbər verir ki, bankdan bildirilib ki, bu ilin birinci rübünü bankın zərərlə bitirməsi “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları”na uyğun olaraq ehtiyatlar yaradılması ilə bağlıdır. Bu da bankın daha dayanıqlı və ehtiyatlı olması məqsədi daşıyır.
Bankın likvidliyin əsas göstəricilərindən hesab edilən kreditlərin depozitlərə nisbətinin yüksək olması (2022-ci ilin I rübündə kredit-depozit nisbəti 176,9% təşkil edib) məsələsi də şərh edilib. Açıqlamaya görə, verilən kreditlərin böyük hissəsi fondlarla bağlı olub: “Qeyd olunan göstərici AİF, SKMF və AKİA hesabına verilən kreditlərin bankın kredit portfelinin 59%-ni təşkil etməsi ilə əlaqədardır”.
Bundan əlavə bildirilib ki, Mərkəzi Bank tərəfindən qoyulan normativə əsasən minimal likvidlik səviyyəsi 30%-dən aşağı olmamalıdır. "Bank BTB"nin I rüb üzrə likvidlik göstəricisi isə 77.25%-dir.
Qeyd edək ki, Bankın açıqlamasına baxmayaq ilk rübdə «Bank BTB»nin qeyri-faiz gəlirləri 2 qat azalaraq 1 milyon 56 min manata düşüb. Ötən ilin eyni dövründə bu göstərici 2 milyon manatdan artıq idi. Bankın qeyri-faiz xərcləri isə 10,5% azalaraq 4 milyon 2 min manat düşüb – ötən il 4 474 min manat olub.
Həmçinin bankın inzibati xərcləri isə kəskin - 42% azalıb. Əgər ötən ilin 1-ci rübündə Bank BTB-nin inzibati xərcləri 3 milyon 297 min manat təşkil etmişdisə, 2022-ci ilin 1-ci rübündə bu göstərici 1 milyon 913 min manat enib. Qeyd edək ki, inzibati xərclər əsasən əməkdaşlarının əmək haqqı, ofislərin icarə haqqı və təsərrüfat xərclərindən ibarətdir. Bu xərclərin azalması adətən bankın qənaətə keçməsinin göstəricisi sayılır.
Nəticədə bank 1-ci rübü 93 min manat əməliyyat zərəri ilə baş vurub. Yəni bankın fəaliyyətindən əldə edilən gəlirləri onun xərclərini qarşılamaq üçün kifayət etməyib. Ötən ilin eyni dövründə bu göstərici 59 min manat olmuşdu.
Üstəlik, Bank BTB 1-ci rübün nəticələrinə görə, 3 milyon 201 min manat da aktivlər üzrə mümkün zərərlərin qarşılanması üçün ehtiyat yaratmağa ayırıb.
Nəticədə bank 1-ci rübü 3 milyon 295 min manat xalis zərərlə bağlayıb. Ötən ilin eyni dövründə bank 365 min manat mənfəət əldə etmişdi. (apa)