Azərbaycanın aparıcı banklarından olan «ASB Bank»ın vəziyyəti məlum olub.
FED.az bankın açıqladığı hesabata istinadən xəbər verir ki, 2021-ci ilin yanvar-sentyabr aylarında bankın faiz gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 15,6% azalaraq 20 milyon 920 min manat təşkil edib (ötən il 24,8 milyon manat olmuşdu).
Bankın faiz gəlirlərinin 11,75 milyon manatı kredit faizlərindən, 9,16 milyon manat isə başqa banklardakı depozitlərdən daxil olub.
Eləcə də bax: "ASB Bank"ın depozit portfelində manatın payı - AZALIR
Bu dövrdə bankın faiz xərcləri təqribən 8% azalaraq 11 milyon 226 min manat olub. Faiz xərclərinin əsas hissəsi bankdakı əmanətlərə görə ödənilən faizlərdir – 9,2 milyon manat.
Faiz xərclərinin azalmasının əsas səbəbi, «ASB bank»da başqa bankların depozitlərinə görə daha az faiz ödənilməsidir – ötən ilin eyni dövründəki 1,8 milyon manatdan 1 milyon manata enib.
Nəticədə bankın xalis faiz gəliri ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyon manat azalaraq 9,6 milyon manata enib.
Əvəzində 2021-ci ilin yanvar-sentyabr aylarında «ASB bank»ın qeyri faiz gəlirləri təqribən 3% artaraq 4,17 milyon manat olub. Bu il bankın komissiya haqlarından gəlirləri 21%-dən çox artaraq 3,6 milyon manatı keçib. Əvəzində valyuta əməliyyatlarından gəlirləri 2 dəfə azalaraq 1 milyon manatdan 500 min manata düşüb.
Bu il bankın qeyri-faiz xərcləri də artıb – ilk 9 ayda 11 milyn 214 min manat, əvvəlki ildən 135 min manat və ya 12% artıqdır. Amma bu bankın əməkdaşlarının maaşlarının artımı ilə bağlı deyil – 9 ay ərzində əmək haqlarına ayrılan pullar əksinə 100 min manata azalaraq 3 milyon 447 min manata düşüb.
Qeyri-faiz xərclərin artıran əsas məqam banka göstərilən xidmətlərə görə ödənilən komissiya haqları olub – 2,5 milyondan 3,2 milyon manat yüksəlib.
Nəticədə 9 ayın yekununda bankın əməliyyat mənfəəti ötən illə müqayisədə 2 dəfədən də çox azalaraq 5,6 milyon manatdan 2,6 milyon manata düşüb.
Üstəlik bunun təqribən 500 min manatı aktivlər üzrə mümkün zərərləri qapamaq üçün ehtiyat kimi ayrılıb, halbıki, ötən il bu vaxt əks proses baş vermişdi – bank ehtiyat kimi ayrılan 810 mni manatı mənfəətinə qatmışdı.
Bu ilin ilk 9 ayının nəticələrinə görə, ASB bank 440 min manat mənfəət vergisi ödəyib. Nəticədə bank hesabatı dövrünü 1 milyoqn 716 min manat xalis mənfəətlə başa vurub. Amma bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə düz 3 dəfə azdır.
ASB Bankın ötən ildən başlayan «kiçilmə» prosesi bu il də davam edib. Yanvar-sentyabr aylarında bankın aktivləri ilin əvvəli ilə müqayisədə daha 45 milyon manat və ya təqribən 5% azalaraq 911,5 milyon manatdan 866,6 milyon manata enib.
İlk 9 ayın nəticələrinə görə, bankın xalis kredit portfeli 30%-ə yaxın azalaraq 221 milyon manata düşüb. Kredit portfelinin böyük hissəsi – 205,4 milyon manat biznes kreditlərin, 6,1 milyon manat istehlak kreditlərinin, 9,1 milyon manat isə daşınmaz əmlak kreditlərinin payına düşüb. Bankın açıqladığı rəqəmlər portfelin sağlam olduğunu göstərir – həla halda vaxtı keçmiş kreditlərin məbləği 6 milyon manatdan da azdır ki, bu da 3%-dən aşağı deməkdir. Daşınmaz əmlak kreditləri ümumiyyətlə saat kimi işləyir – gecikmə yoxdur.
Amma ASB-nin kredit portfeli ilə bağlı ciddi problem onun kiçik olması və bu prosesin davam etməsidir. Bank öz aktivlərinin cəmi 4-də birini kredit verə bilib. Hətta biznes aktivliyin nisbətən də olsa bərpa olunduğu bir dövrdə belə bankın kredit portfelinin kiçilməsi dayanmayıb.
Bu dövrdə ASB bank kreditlərin azalmasından qalan pulları başqa banklara depozit kimi yatırıb. Belə ki, bankın başqa banklarda depohit kimi yatırdığı vəsaitlərin həcmi rekord həddə – 481 milyon manata yüksəlib, ilin əvvəli ilə müqayisədə təqribən 40 milyon manat artıqdır.
Maraqlıdır ki, ASB-nin başqa banklarda saxladığı vəsaitlərin həcmi onun kredit portfelini 2 dəfə üstələyib. Bu bankın vəsaitlərini yerləşdirməkdə, yəni kredit verməkdə çətinliklərlə üzləşməsinin göstəricisidir. Başqa sözlə, indiyədək sırf holdinqdaxili korporativ bank kimi fəaliyyət göstərən ASB vəziyyəti dəyişmək üçün siyasətinə korrektələr etməlidir.
2021-ci ildə ASB Bank-ın öhdəlikləri 47 milyon manat və ya təqribən 6% azalaraq 807 milyon manatdan 760 milyon manata enib. Azalma depoziot portfelinin hesabınadır - bankdakı əmanətlər təqribən 48 milyon manat azalaraq 640 milyon manatdan ilk dəfə 600 milyon manatdan aşağı - 592 milyon manata enib.
9 aylıq hesabatda müsbət cəhətlərdən biri bankın kapitalının təqribən 2 milyon manat artaraq 104 milyondan 106 milyon manata yüksəlməsidir.