2025-ci ilin yekunlarına görə, "AccessBank"ın müştərilərə verdiyi xalis kredit portfelinin həcmi 1 milyard 275,6 milyon manat təşkil edib.
FED.az biznes və maliyyə xəbərləri portalı maliyyə qurumunun hesabatına istinadən xəbər verir.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 173,1 milyon manat, yəni 15,7% artım deməkdir.
Ümumi kredit portfeli (ehtiyatlar çıxılmadan) isə il ərzində 182,6 milyon manat (15,9%) artaraq 1 milyard 334,2 milyon manata çatıb. Portfelin artımında əsas rolu biznes kreditləri oynayıb. Belə ki, biznes kreditləri portfeli 121 milyon manata yaxın (13,4%) artaraq 1 milyard 22,9 milyon manatı ötüb.
İstehlak kreditlərinin həcmi 289,2 milyon manata bərabər olub. Bu ilik müqayisədə 50 milyon manat (20,9%) artım deməkdir. Ən kəskin nisbi artım isə daşınmaz əmlak kreditlərində qeydə alınıb. Bu portfel iki dəfədən çox (11,6 milyon manat və ya 110,5%) artaraq 10,5 milyon manatdan 22,2 milyon manata yüksəlib.
Kredit portfelinin böyüməsi fonunda, mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatların həcmi də 9,6 milyon manat (19,6%) artaraq 58,6 milyon manata çatıb.
Xatırladaq ki, 2024-cü ildə "AccessBank"ın xalis kredit portfeli 1 milyard 102,6 milyon manat olub.











