AccessBank Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən yaradılmış qabaqcıl AniPay köçürmə və ödəniş sisteminə qoşuldu.
AniPay fiziki şəxslər, biznes qurumları və dövlət orqanları arasında ödəniş əməliyyatlarının 24/7/365 rejimində bank hesabları üzərindən sadələşdirilmiş identifikatorlar vasitəsilə (mobil nömrə, FİN kod, VÖEN) aparılmasına və pul vəsaitinin dərhal vəsait alanın bank hesabında əks olunmasına imkan verir. Bununla da nağdsız köçürmələri icra etmək asanlaşdı. Köçürmə etmək üçün artıq mürəkkəb bank rekvizitlərini yadda saxlamağa ehtiyac qalmadı. Bunun üçün sadəcə qarşı tərəfin mobil telefon nömrəsini bilmək yetərlidir. Bundan əlavə, yeni sistemlə ödəniş cəmi 5 saniyə ərzində hesaba oturur.
AniPay-dən yararlanmaq və pul köçürmələri reallaşdırmaq üçün vətəndaşlar ilk növbədə sistemdə qeydiyyatdan keçməlidirlər. Qeydiyyat AccessBank-ın filiallarında və ya myAccess platformasında həyata keçirilə bilər. Qeydiyyatdan keçən müştərilər AniPay sisteminin bir sıra imkan və üstünlüklərindən faydalanacaqlar – vətəndaşlar arasında kart və cari hesablardan ani köçürmələr, satış və xidmət nöqtələrində POS terminal vasitəsilə cari və kart hesablarından kart olmadan ödənişlərin həyata keçirməsi və s.
AccessBank müştərilərə bu il Banka məxsus POS terminallarda AniPay ödənişlərini və myAccess mobil tətbiqində digər bankdakı hesablarını əlavə edərək onları idarə etmək imkanlarını təqdim edəcək.
AccessBank-ın Biznesə Dəstək Departamentinin rəhbəri Samir Abdullayev AniPay-in üstünlüklərindən danışıb: ”Yeni sistemin əsas məqsədi köçürmə və nağdsız ödənişləri əhali üçün əlçatan etməkdir. AccessBank müştəriləri üçün AniPay-ın tətbiqi nağdsız ödənişlərin effektivliyini yüksəldəcək. İnanırıq ki, AniPay sisteminin tətbiqi və geniş istifadəsi ölkədə nağd pulla aparılan əməliyyatların azalmasına və nağdsız hesablaşma mədəniyyətinin güclənməsinə xidmət edəcək.”