Məlumat verdiyimiz kimi, Kapital Bank və “Qırmızı Ürəklər” (“Red Hearts”) Fondu 2021-ci ildə Daun sindromlu şəxslər üçün “Hər şey mümkündür!” adlı sosial layihə həyata keçirib. Layihənin əsas məqsədi diqqətdən kənarda qalan bu insanların cəmiyyətdə aktiv iştirakını təmin etmək olub.
FED.az xəbər verir ki, layihə çərçivəsində aztəminatlı ailələrin himayəsində olan daun sindromlu uşaqlar üçün müxtəlif istiqamətlər (rəsm, rəqs, kulinariya, keramika, qurama sənəti, ippoterapiya və s.) üzrə master-klaslar həyata keçirilib. 2022-ci ilin mart ayının 21-i, Ümumdünya Daun Sindromlu İnsanlar Günü ərəfəsində layihənin davamı olaraq daha bir neçə tədbir həyata keçirilib.
Bu dəfə "Günəş uşaqlar" adlandırılan Daun sindromlu uşaqlar üçün layihənin tərəfdaşları olan “Kinderland” əyləncə mərkəzində və “İL Patio” restoranında müxtəlif növ fəaliyyətlər və master-klaslar təşkil edilib. Uşaqlar müxtəlif peşə sahibləri – həkim, yanğınsöndürən, polis, pilot, aşpaz, alim, aktyor, stilist, hotel əməkdaşı, turizm agenti və s. rollarda çıxış edərək həm əyləndilər, həm də bu fəaliyyət sahələri barədə maraqlı məlumatlar əldə etdilər. Layihənin əsas məqsədi gerçək həyat təcrübəsi qazandırmaq və uşaqların öyrənmə bacarıqlarına yiyələnməsinə dəstək olmaqdır.
Qeyd edək ki, “Qırmızı ürəklər” 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. Hazırda Fond kimi fəaliyyətini davam edən təşkilat, əsasən uşaq evlərinə, sığınacaqlara və digər ehtiyacı olanlara yardımlar edir. https://redhearts.az saytına daxil olmaqla fondun fəaliyyəti, gördüyü xeyirxah işlər, gələcək planları və digər maraqlı məlumatları əldə etmək olar.