Bu ilin dekabrın 1-nə Azərbaycanda fəaliyyət göstərən bankların qeyri-işlək kreditlərinin (QİK) ümumi həcmi 818 milyon manat təşkil edib.
FED.az Azərbaycan Mərkzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 103,1 milyon manat və ya 14,4% artım deməkdir.
Belə ki, ötən ilin dekabrın 1-nə bankların qeyri-işlək kreditlərinin ümumi həcmi 714,9 milyon manat idi.
Portfelin digər dövrlər üzrə dinamikası da artım tendensiyasını təsdiqləyir. Ötən ilin sonu (655,1 mln. manat) ilə müqayisədə problemli kreditlər 162,9 milyon manat (24,9%) artıb. Aylıq müqayisədə isə (noyabra nəzərən) portfel 12,7 milyon manat (1,6%) böyüyüb.
Xatırladaq ki, bankların cəmi qeyri-işlək kreditləri bu ilin noyabrın 1-nə 805,3 milyon manat, ötən ilin sonunda 655,1 milyon manat, ötən ilin eyni dövründə isə 714,9 milyon manat təşkil edirdi.
Portfelin Keyfiyyəti Necə Dəyişib?
Dekabrın 1-nə olan məlumata görə, qeyri-işlək kreditlər ümumi kredit portfelinin 2,8%-ni təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü (2,6%) ilə müqayisədə 0,2 faiz bəndi, ötən ilin sonu (2,4%) ilə müqayisədə 0,4 faiz bəndi, aylıq müqayisədə isə 0,1 faiz bəndi artıb (pisləşib).












