“Əgər Azərbaycan hökuməti Qara Dəniz Ticarət və İnkişaf Bankına (QDTİB) müraciət edərsə, biz turizm və digər sahələrin də inkişafına dəstək verə bilərik”.
FED.az xəbər verir ki, bunu Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində keçirilmiş "Astana İqtisadi Forumu" (AEF-2019) çərçivəsində Qara Dəniz Ticarət və İnkişaf Bankının prezidenti Dmitri Pankin deyib.
2019-cu il 30 aprel tarixinə olan vəziyyətə görə QDTİB Azərbaycan üzrə 415,4 milyon avro dəyərində 40 əməliyyat təsdiq edib. Bu vəsaitin 56,6%-ı maliyyə, 22,6%-ı enerji, 10%-ı daşınmaz əmlak, 10,9%-ı isə istehlak sektorlarına ayrılıb.
S.Pankin Azərbaycan maliyyə sektorunun Bank tərəfindən dəstəyini xüsusi qeyd edib:
“Biz Azərbaycanda iki bankın fəaliyyətinə müəyyən maliyyə dəstəyi göstərmişik. Onlardan biri “Azərbaycan Beynəlxalq Bank” ASC-dir, digəri isə "Accessbank”dır".
QDTİB prezidenti ABB-də pay almaq məsələsinə də toxunub:
“Biz borclarımızın restrukturizasiya nəticəsi olaraq bəzi banklarda paylar almışıq. Amma bu bizim strateji baxışımız deyil. Biz bank sektoruna maliyyə dəstəyi verə bilərik. Amma bankda pay almaq bizim strategiyamıza uyğun deyil”.
Xatırladaq ki, 2008-ci ildə Azərbaycan Bankın kapitalında payını 2 faizdən 5 faizə qədər artırıb.
Qara Dəniz Ticarət və İnkişaf Bankı beynəlxalq dövlətlərarası maliyyə kredit təşkilatıdır. Bank Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlər - Albaniya, Azərbaycan, Ermənistan, Bolqarıstan, Gürcüstan, Moldova, Rumıniya, Rusiya Federasiyası, Türkiyə, Yunanıstan və Ukrayna tərəfindən yaradılmışdır. Azərbaycan Respublikasını Bankın Rəhbərlər Şurasında maliyyə naziri Samir Şərifov təmsil edir. Bankın baş ofisi Yunanıstanın Saloniki şəhərində yerləşir. QDTİB iqtisadi inkişafı və regional əməkdaşlığı dəstəkləyir, üzv ölkələrdə dövlət və özəl sektorlarda layihələr üçün kreditlərin verilməsi, kredit xətlərinin açılması, investisyaların və zəmanətlərin verilməsində və ticarətin maliyyələşdirilməsində iştirak edir.
Bankın nizamnamə kapitalı 3,45 milyard avro təşkil edir.