"Rusiyanın "Qazprombank"ı Azərbaycanda layihələrin maliyyələşdirilməsi prinsipinə uyğun olaraq həyata keçiriləcək bütün layihələrdə iştirak etməyə hazırdır".
FED.az xəbər verir ki, bu barədə "Qazprombank"ın İdarə Heyətinin sədr müavini Famil Sadıqov jurnalistlərə bildirib.
O, nümunə kimi, bankın Bakının Qaradağ rayonunda yerləşən yeni qaz emalı və polimer kompleksinin (GPC) tikintisi layihəsində iştirakını göstərib.
"Bu layihədə iştirak etməyə hazır olduğumuzu bildirmişik. "SOCARPolymer"in yaradılması baxımından SOCAR ilə iş təcrübəmiz var. Bu layihədən məmnunuq. Bu, güman ki, layihələrin maliyyələşdirilməsi prinsipi əsasında qurulmuş yeganə layihədir. Azərbaycanda bu istiqaməti inkişaf etdirməyin zəruri olduğunu hesab edirəm. "Qazprombank" SOCAR-ı etibarlı tərəfdaş hesab edir və bu şirkətlə gələcəkdə də əməkdaşlıq etməyə hazırdır", - F.Sadıqov deyib.
O, eyni zamanda qeyd edib ki, bankın SOCAR-ın layihələrini maliyyələşdirmək üçün limiti 3 milyard dollara bərabərdir: "Hazırda bankın GPC kompleksi yaradılması layihəsinə 400 milyondan 800 milyon dollara qədər investisiya qoyuluşunda iştirakı məsələsi nəzərdən keçirilir".
"Bu gün azərbaycanlı iş adamları ilə layihələrin maliyyələşdirilməsi məsələlərini müzakirə edirik. Üç əsas istiqamət var. Bunlar layihələrin maliyyələşdirilməsi, infrastruktur tikintisi, dövlət və özəl tərəfdaşlıqır", - F.Sadıqov deyib.
Onun sözlərinə görə, bank Azərbaycanda bir neçə layihə həyata keçirir.