Qazaxıstan və Özbəkistan bankları Rusiya kartlarına məhdudiyyətlər və qadağalar tətbiq etməyə başlayıb.
FED.az xəbər verir ki, Ukraynaya qarşı başladığı müharibəyə görə, Rusiyaya qarşı tətbiq olunan sanksiyalara artıq MDB ölkələri də qoşulmağa başlayıb.
Qazaxıstanın «Fridom Finans» bankı Rusiyanın «Mir» ödəmə sisteminin kartları ilə əməliyyatları dayandırıb.
Qazax bankında bunu təsdiqləyərək səbəbini sanksiyalarla əlaqələndiriblər: «Bank xaricdən ikili sanksiyaların tətbiqi ilə bağlı risklərdən qorunmaq istəyir»-deyə bildirilib.
Əvəzində Qazaxıstan bankı kart istifadəçilərinə alternativ variantlardan istifadə etməyi tövsiyə ediblər, bura SWIFT-ödənişlər, Rusiyada buraxılmayan «Visa» və «Mastercard»lar, telefon nömrəsi üzrə ödənişlər və sair aiddir.
Bir qədər əvvəl isə Özbəkistan bankları Rusiyadan olan müştərilərin hesablarına xidmətdə sərt qaydalar tətbiq etməyə başlayıb. Özbəkistanın «Ipak Yuli Bank»ı rusiyalı müştərilərə bildiriş göqndərib ki, fiziki şəxsin personal nömrəsini təqdim etsinlər, əks halda karta və hesaba məhdudiyyət tətbiq ediləcək. Bu tələb Özbəkistan Mərkəzi Bankının 2023-cü ilin fevralında qəbul etdiyi təlimata əsaslanır. Həmin təlimata əsasən rezident və qeyri rezident olan fiziki şəxslər üçün depozit hesabları personal nömrə əsasında açıla bilər.
Qeyd edək ki, Rusiyanın əsas ödəniş sistemi olan «Mir»in kartları 2022-ci ildən problemlərlə rastlaşmağa başlayıb. Əvvəlcə xarici ölkələrdən başlanan qadağalar tədricən MDB banklarında da hiss olunur. 2022-ci ilin payızında Qırğızıstanın ən böyük banklarından olan «Kampanyon» bankı «Mir» kartlarına xidməti dayandırıb. Sentyabrın sonundan etibarən bu kartlar Özbəkistanda da işləmir. Özbəkistanda bunu UZCARD prosessinq mərkəzindəki texniki işlərlə əlaqələndiriblər. Bundan başqa, Türkiyənin bir neçə iri bankı da «Mir»kartlarına xidməti dayandırıblar. Bura «DenizBank», «Is Bankasi», «Halkbank», «Ziraat Bank» və «VakıfBank» aiddir.
Rusiya tərəfi itirilən bazarları yeni ölkələrlə, öz müttəfiqləri ilə kompensasiya etməyə çalışır. Belə ki, ötən ilin dekabrında «Mir» ödəniş sistemləri Venesuelada işləməyə başlayıb. Həmin ay Rusiya kartları Kubada da işləyir.Buna baxmayaraq hazırda «Mir» kartlarını cəmi bir neçə qəbul edir. Bura ermənistan, Belarus, Vyetnam, Qazaxıstan, Kuba, Qırğızıstan və Tacikistan daxildir.