“Azərbaycan Sənaye Bankı” ASC-nin (ASB Bank) aktivləri və gəlirləri azalıb. FED.az xəbər verir ki, bankın aktivləri 40 milyon azalıb.
Aktivlər düşür
Qeyd edək ki, bankın cəmi aktivləri 945 milyon 189 min manat təşkil edirdi. Hazırda isə aktivlər 904 milyon manata düşüb. Aktivlərindəki əsas azalma səbəbi müştərilərə verilən kreditlərin 10%-ə yaxın kiçilərək 270 mln. manata düşməsi olub. Nağd vəsaitlərinin həcmi isə çox az dəyişib: 2017-ci ilin yekununda 7 milyon 512 min manat olduğu halda, hazırda 7 milyon 509 min manatdır.
Depozitlər üzrə xərcləri 2,5 dəfə azaldı
Depozit portfeli 4 mln. 236 min manat kiçilərək 586 mln 288 min manata düşüb.
Bank bu dəfə deposit portfelinin strukturunu açıqlamayıb. Buna görə də azalmanın əsasən hansı depozit növlərində qeydə alındığını demək çətindir. Qeyd edək ki, bu, bankın faiz xərclərinə təsir edib. Belə ki, 2017-ci ilin sonunda ASB bankın depozitlər üzrə faizlərin ödənilməsinə 8 milyon 917 min manat xərcləmişdisə, bu ilin birinci tübünün sonuna 3 milyon 084 min manata düşüb. Göründüyü kimi, faiz üzrə xərclər 2,5 dəfə düşüb.
Mənfəəti var
ASB Bank ötən ildən fərqli olaraq bu ilin ilk rübü ərzində 6 mln. 131 min manat faiz gəlirləri, 1 milyon 960 min manat qeyr-faiz gəliri əldə etməklə ümümilikdə 8 milyon 90 min manatdan çox cəmi gəlir əldə edib. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə 10% daha azdır. Bankın ümümi xərcləri 6 milyon 26 min manat olub ki, ötən ilin analoji dövrü ilə müqayisədə 4% düşüb. Nəticədə bank ilk rübü 1 milyon 689 min manat xalis mənfəətlə başa vurub.
Mənfəətindən pul ayırmadı
Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün bank xüsusi ehtiyatın yaradılmasına bir qəpik də ayırmayıb. Halbu ki, 2017-ci ilin sonunda bankın ehtiyatda 1 milyon 354 min manatı vardı, 2016-cı ildə ehtiyata ayırmalar 3 milyon 589 min manat təşkil edib. Belə çıxır ki, bank ehtiyatlara ayırmalar etsəydi, mənfəəti bir qədər azalmalı idi. Lakin görünür bank aktivləri üzrə heç bir risk daşımadığını ehtimal edir və qeyd edək ki, ölkə bankarı arasında yeganə bankdır ki, qazancından “ehtiyata” ayırmayıb.
Cəmi kapitalı artaraq 91 mln 713 min manat olub. Bunun 60 mln manatı nizamnamə kapitalı, 23 mln manatı bölüşdürülməmiş mənfəət və 8,7 mln manatı ümümi ehtiyatlar təşkil edir.
“Azərsun Holdinq”ə daxil olan “Azərbaycan Sənaye Bankı” ASC-nin səhmlərinin 94,2517 %-i “Anadolu İnvestment Kompani” MMC –yə, 5,1735 %-i “Azərbaycan Sənaye Sığorta” ASC –yə və 0,5748 %-i “Azərbaycan Sənaye Lizinq” MMC –yə məxsusdur.
İlhamə Abdullayeva