Azərbaycanda korporativ ənənələrilə məşhur olan və buna uyğun geyim qaydaları tətbiq edən banklardan biri də «Bank of Baku»dur.
FED.az xəbər verir ki, bankın əməkdaşları xüsusi qaydaları çərçivəsində geyinməlidirlər. Qaydalar əməkdaşların hansı vəzifədə işləməsi və hansı işlə məşğul olmasından da asılıdır. Beləliklə…
Eləcə də bax: “Bank of Baku”nun səhmdarları ötən illərin – HESABATLARINI MÜZAKİRƏ EDƏCƏKLƏR
Kişi əməkdaşlar
Ağ köynək, üzərində gözə çarpan zolaqlar olmayan, birrəng, klassik üslublu şalvar geyinməlidirlər. Korporativ aksesuarlar rolunu üzərində bankın loqotipi olan qalstuk oynayır. Həmçinin bankın əməkdaşının üzərində adı, soyadı olan vəsiqəsi də olmalıdır. Tövsiyə olunur ki, kişi əməkdaşlar qara klassik kəmər, qara birrəng corab və qara birrəng klassik üslubda ayaqqabı geyinsinlər. Kişi əməkdaşların üzləri daim təraş olunmuş və saç düzümləri səliqəli olmalıdır.
Xanım əməkdaşlar
Ağ rəngdə yaxalı köynək, şalvar və ya yubka isə üzərində gözə çarpan zolaqlar olmayan, birrəng, klassik üslublu olmalıdır. Korporativ aksessuar kimi isə üzərində bank loqotipi olan şərf olmalıdır. Həmçinin üzərində əməkdaşın adı soyadı olan «beycik»i olmalıdır.
Bankın xanım əməkdaşlarının paltarı, saç düzümü və rəngi, makiyajı və ətirləri həddən artıq cəlb edici olmamalıdır.
Məlumat mərkəzi əməkdaşları sərbəst geyinə bilər, amma…
«Bank of Baku»nun məlumat mərkəzinin əməkdaşları telefonlara cavab verirlər və əhali ilə birbaşa ünsiyyətdə olmadıqlarına görə, onların geyimlərinə tələbat sərt deyil. Belə ki, həmin işçilər idman, çimərlik, hərbi, üzərində hansısa təbliğat, siyasi çağırış, etik normaya sığmayan yazı və şəkilləri olan geyislərdən başqa, sərbəst geyinə bilərlər. Banka üstü açıq sandaletlər və vyetnamkalarla gəlmək də qadağandır.
«Bank of Baku»nun geyim qaydaları açıq-saçıq geyimləri də qadağan edir, yəni cəlbedici paltarlar (dizdən yuxarı donlar və ətəklər, şotrlar, dərin dekolteli, beli açıq və s.) geyinməməlidir.
Məlumat mərkəzində çalışan kişilərin də üzü daim təraş edilməli və saç düzümü sadə olmalıdır, amma «ifrata varmamaq şərti ilə daha sərbəst ola bilər».
«Bank of Baku»nun sürücülərinin geyim qaydası
Bankda sürücülərin də geyim qaydası mövcuddur. Bu qaydalar təqribən məlumat mərkəzi əməkdaşlarına olan tələbləri təkrarlayır. Əlavə onu qeyd etmək olar ki, sürücülər avtomobili idarə edəndə, şəraitdən asılı olmayaraq, üzərindəki paltarı çıxarmamalı, yaxasını çox açmamalı, görüşünün səliqəsinə hər zaman fikir verməlidir
Təhlükəsizlik əməkdaşlarının geyim qaydası
Bankın təhlükəsizlik xidmətinin əməkdaşları qəbul edilmiş, mövsümdən asılı olaraq, xüsusi geyimdən və adi, sadə çəkmələrdən istifadə etməlidir. Baş örtüyündən yalnız Bankın xaricində olduqda istifadə edilə bilər. Üz daim təraş edilmiş (kişilər üçün), saç düzümü sadə olmalıdır. Əməkdaş geyiminin səliqəsinə daim fikir verməlidir.
İşgüzar görüşlərə gedən işçilər necə geyinməlidir?
«Bank of Baku»da bankın partnyorları ilə görüşən, rəsmi tədbirlərdə və dövlət orqanlarında bankı təmsil edən əməkdaşlar üçün də xüsusi dress kod var. Bu qaydalara görə, belə əməkdaşlar həftənin iş günləri daxili qaydalara uyğun olan işgüzar libasda (bir qayda olaraq, kişilər ciddi kostyum və qalstuk daxil olmaqla işgüzar libasda, xanımlar isə müvafiq işgüzar paltarda) işə gəlməlidir.
Xanımların paltarı, saç düzümü və rəngi, makiyajı və ətirləri həddən artıq cəlb edici olmamalıdır. Kişilərin üzü daim təraş edilmiş, saç düzümü sadə formada səliqəli olmalıdır.