"Azərbaycanda Vergi Məcəlləsinə edilən dəyişiklər əhatəlidir, sistemlilik baxımından digər ölkələrlə uyğunluq təşkil edir". "APA-Economics" xəbər verir ki, bunu "PwC Azerbaijan" audit şirkətinin vergi və hüquq partnyoru Maykl Ahern (Michael Ahern) deyib.
Onun sözlərinə görə, bütün ölkələr öz vergi qanunvericiliyini müasir dünyanın dəyişikliklərinə uyğunlaşdırmağa çalışır: "Qeyd etmək istərdim ki, vergi qanunvericiliyi və qanunvericiliyin tətbiqi fərqli mövzulardır. Əsas diqqət məhz vergi qanunvericiliyinin tətbiqinə yönəlməlidir. Bu baxımdan Azərbaycanda vergi sahəsində edilən dəyişikliklər ölkənin beynəlxalq standartlara uyğunlaşdırılması baxımından əhəmiyyətlidir. Azərbaycan çalışır ki, vergi gəlirləri böhrandan əvvəlki səviyyəyə qalxsın. Transfert qiymətləri, vergi öhdəliyinin əvvəlcədən müəyyənləşdirilməsi qaydaları və "vergi amnistiyası" daha şəffaf və korporativ vergi mühitinin yaradılması istiqamətində atılan əhəmiyyətli addım ola bilər".
Şirkətin vergi məsələləri üzrə direktoru Arif Quliyev isə bildirib ki, Vergi Məcəlləsində dəyişikliyin olmasına baxmayaraq, bəzi maddələr bir-birinə uyğunlaşmır: "Hələ də bəzi açıq problemlər var. Biz öz müştərilərimizlə, yəni biznes nümayəndələri ilə görüşmüşük. Onlara da bildirdik ki, əsas problem işləyərkən üzə çıxır. Buna görə də təklif etmişik ki, hər hansı problemlə üzləşərkən, bu problemləri bizə təqdim etsinlər. Digər bir problem elektron ticarət sahəsindədir. Elektron ticarət zamanı əlavə dəyər vergisinin (ƏDV) hesablanması bank və kredit təşkilatları üçün problem yaradacaq. Çünki vergi mala görə yox, xidmətə görə hesablanmalıdır. Bunun üçün isə banklar xidmət sahəsini müəyyənləşdirmək üçün sistem yaratmalıdırlar".