Oktyabrın 10-na Əmanətlərin Sığortalanması Fondu tərəfindən ləğv prosesində olan 11 bank üzrə 747 milyon 937 min manatdan artıq kompensasiya ödənilib.
Fonddan FED.az-a bildiriblər ki, ləğv prosesində olan "Yunayted Kredit Bank" ASC-də fiziki şəxslərin ümumi əmanətlərinin məbləği 3 milyon 550 min manat olmaqla, onlardan 3 milyon 230 min manatı qorunan əmanətlər, o cümlədən 2 milyon 99 min manatı kompensasiya olunan əmanətlərdir. Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçilərə, ümumilikdə 1 milyon 837 min manatdan artıq kompensasiya ödənilib (ümumi kompensasiya öhdəliyinin 87,5 faizi) və 262 min 485 manat ödənilməmiş kompensasiya öhdəliyi qalıb.
Bu müddətdə:
"Bank of Azerbaijan" ASC-nin qorunan əmanətçilərinə 24 milyon 191 min (ümumi kompensasiya öhdəliyinin 97 faizi),
"Gəncəbank" ASC-nin əmanətçilərinə 976 min 441 manat (94 faiz),
"Texnikabank" ASC-nin əmanətçilərinə 120 milyon 408 min manatdan artıq (98,2 faiz),
"Parabank" ASC-nin əmanətçilərinə 43 milyon 222 min manatdan artıq (98,5 faiz),
"Zaminbank" ASC-nin əmanətçilərinə 72 milyon 196 min manatdan çox ( 99,3 faiz),
"Kredobank" ASC-nin əmanətçilərinə 27 milyon 914 min manatdan artıq (99,9 faiz),
"Dekabank" ASC-nin əmanətçilərinə 3 milyon 88 min manatdan artıq (98,7 faiz),
"Atrabank" ASC-nin əmanətçilərinə 14 milyon 352 min manatdan artıq (98,2 faiz),
"Qafqaz İnkişaf Bankı" ASC-nin əmanətçilərinə 2 milyon 4 min manatdan artıq (95,8 faiz),
"Bank Standard" Kommersiya Bankının əmanətçilərinə 437 milyon 745 min manatdan çox (99,2 faiz) kompensasiya ödənişi həyata keçirilib.