Mərkəzi Bankın dəstəyi, Azərbaycan Banklar Assosiasiyası, Maliyyə Bazarlarına Nəzarət Palatası, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin iştirakı ilə keçirilən "Nağdsız iqtisadiyyat: ənənəvi bankçılıqdan rəqəmsal bankçılığa keçid" adlı III Beynəlxalq Bankçılıq Forumu öz işinə başlamışdır.
ELƏCƏ DƏ BAX: “Əmanətlərin geri götürüləcəyindən çox narahatıq” - BANKİR
İki gün davam edəcək, 40 nəfərə yaxın beynəlxalq və yerli spikerin, 500 nəfərə yaxın iştirakçının qatıldığı tədbirdə açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikasının Mərkəzi Bankının sədrinin birinci müavini Alim Quliyev bildirdi ki, forum əksər ölkələrin islahat gündəliklərinin ayrılmaz hissəsi olan iqtisadiyyatın, maliyyə xidmətlərinin rəqəmsallaşması kimi aktual məsələlərin müzakirəsinə həsr olunub. Uzunmüddətli iqtisadi inkişafın başlıca baza determinantlarından biri olaraq rəqəmsallaşma bütövlükdə müasir rəqəmsal texnologiyalar əsasında dövlət idarəetməsinin, biznesin inqilabi transformasiyası deməkdir.
O, öz çıxışında qeyd etdi ki, Azərbaycanda milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri, bir çox dövlət proqramları qəbul olunmuş, yaxın, orta və uzunmüddətli perspektiv üçün iqtisadiyyatın inkişaf hədəfləri müəyyənləşdirilmişdir. Bu hədəflər arasında rəqəmsal iqtisadiyyat quruculuğu əhəmiyyətli yer tutur.
A.Quliyev ölkədə rəqəmsal iqtisadiyyat quruculuğuna mühüm siyasi dəstək olan Azərbaycan Respublikası Prezidentinin 26 sentyabr 2018-ci il tarixli Fərmanı ilə təsdiqlənən “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın əhəmiyyəti barədə məlumat verdi. Dövlət Proqramının strateji məqsədi iqtisadi dövriyyələri bank sektoruna cəlb etməklə, maliyyə sektorunun kreditləşmə və investisiya imkanlarının artırılması və bununla da əhali və biznesin ucuz maliyyə resurslarına çıxışının genişləndirilməsidir.
Nəzərdə tutulan tədbirlər ölkədə nağdsız iqtisadiyyatı genişləndirməklə kölgə iqtisadiyyatını azaldacaq və rəqəmsal bankçılığının inkişafına təkan verəcəkdir. Rəqəmsal ödənişlərin genişləndirilməsi iqtisadiyyatda monetar və fiskal nəzarətin güclənməsinə imkan verməklə makroiqtisadi siyasətin effektivliyini də artıracaqdır.
Çıxışının sonunda A.Quliyev iki gün davam edəcək forumun işində uğurlar arzu edərək tədbiri yüksək səviyyədə təşkil edən Azərbaycan Banklar Assosiasiyasına öz təşəkkürünü bildirdi.
Pullar banklardan keçsə kredit faizləri enəcək – AÇIQLAMA
20:49
15 Noy 2018