Azərbaycanın bank sektorunda qeyri-işlək kreditlərin (QİK) əsas hissəsi biznes kreditlərinin payına düşür. Bu ilin iyunun 1-nə olan vəziyyətə görə, vaxtı keçmiş biznes kreditlərinin ümumi məbləği 420,8 milyon manat təşkil edib.
FED.az Mərkəzi Bankın hesabatına istinadən bildirir ki, bu rəqəm ölkədəki bütün problemli kreditlərin (776,4 milyon manat) təxminən 54%-i deməkdir. Başqa sözlə, bankların ümidini itirdiyi hər 2 manatdan 1-indən çoxu məhz biznesə verilən kreditlərdir.
Göstəricilər son bir ayda bu sahədə vəziyyətin pisləşdiyini göstərir. Belə ki, may ayı ilə müqayisədə problemli biznes kreditləri 27,8 milyon manat (7,1%) artıb. İllik dinamikaya gəldikdə isə artım daha mülayimdir: ötən ilin eyni dövrü ilə müqayisədə problemli biznes kreditləri 5 milyon manat (1,2%) çoxalıb.
Maraqlı məqam ondan ibarətdir ki, məbləğdə artım olsa da, QİK-in ümumi biznes kreditləri portfelindəki payı illik müqayisədə 3,0%-dən 2,8%-ə enib. Bu, o deməkdir ki, biznes kreditləşməsinin ümumi həcmi problemli kreditlərin artım tempindən daha sürətlə böyüyüb. Bununla belə, aylıq müqayisədə portfeldəki pay 0,2 faiz bəndi artıb.