Xarici valyutalarda olan kreditlərə güzəştin verilməsinin tərəfdarı kimi mən hələ 2015-ci ilin aprelində “üç tərəfli güzəşt mexanizmi” ilə bağlı təkliflərimi hökumətə təqdim etdim.
FED.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Vüqar Bayramov rəsmi "facebook" səhifəsində yazıb. Ekspert bildirib ki, problemli kreditlərə güzəştin verilməsi yenə də ən çox müzakirə edilən məsələlərdəndir: "İqtisadçı-ekspert Vüqar Bayramov - Gürcüstan hökumətinin problemli kreditlərin bağışlaması qərarından sonra belə bir addımın bizdə tətbiqi imkanları xüsusi ilə müzakirə edilir. Qeyd edək ki, MDB-də ipoteka keditlərinə güzəştin tətbiq edən Qırğızıstan ilə yanaşı Rusiya problemli kreditlərinin həllində daha yaxşı təcrübəyə malik olan ölkələrdən hesab edilir. Belə ki, Orta Asiya ölkəsində bağışlanan məbləğ az olsa da şimal qonşumuz kifayət qədər böyük məbləğdə kredit faizlərini silmişdi. İlk devalvasiyadan 3 ildən çox zaman keçdiyi bir halda indi kreditlərə güzəştin tətbiq edilməsi mümkündürmü? Əgər mümkündürsə bu hansı formada ola bilər?"
Güzəştlərin tətbiqi ilə bağlı əsas sualları və eləcə də mümkün həlli yollarını aşağıdakı kimi qruplaşdırmaq olar:
- Xarici valyutada olan kreditlərə güzəşt necə tətbiq oluna bilər? 2015-ci ilin apreli ilə müqayisədə bu kreditlərin əsas məbləğlərinin həcminin azaldığını nəzərə alsaq fərqin bank və Mərkəzi Bank tərəfindən kompensasiya edilməsi daha məqsədəuyğun olardı. Yəni, 2015-ci ildə 3 təfəfli güzəşt mexanizmi aktual idisə indi 2 tərəfli yanaşma daha uyğundur. Çünki əvvəlki təklif olunan güzəşt mexanizminin əsas iştirakçısı olan vətəndaşların müəyyən hissəsi artıq ödənişlər ediblər. Nümunə üçün: 1 dollar 0.78 manat məzənnəsi ilə 30%-lə 10 000 min dollar kredit götürən vətəndaşın ilkin öhdəliyi 10 140 manat idisə devalvasiyalardan sonra bu rəqəm 22 100 manatadək yüksəlib. Təklif olunan mexanizm tətbiq edilən zaman Mərkəzi Bank sözügedən kredit üzrə 11 960manatı qarşılayır, kredit borcu olan isə 10 140 manat öhdəliyini yerinə yetirir.
- Manat ilə kredit götürülən kreditlərə güzəştin tətbiq edilməsinə ehtiyac varmı? Fərqli formada olsa da milli valyutada olan kreditlərə də güzəşt tətbiq edilə bilər. Belə ki, devalvasiya kredit öhdəliyi olan vətəndaşın xərclərini artırıb. Nəticədə, manat ilə kreditin qaytarılması üıçün ailə büdcəsinin ayrılan məbləğin həcmi azalıb. Digər tərəfdən, bu kreditlər üzrə faizlər yüksək olduğundan da həmin kreditlərin qaytarılması müəyyən çətinliklər yaradır. Nümunə üçün: 30%-lə 10 000 min manat kredit götürən vətəndaş əsas məbləği qaytarır, faiz isə (təxminən 3 min manat) bank və Mərkəzi Bank tərəfindən kompensasiya edilir.
- Xarici valyutada kredit götürüb və artıq öhdəliyini ödəyən vətəndaşlar üçün bu halda hansı güzəştlər tətbiq edilə bilər? Devalvasiyadan 3 ildən çox zaman keçdiyi üçün bu müddətdə borc öhdəliklərini artıq yerinə yetirmiş vətəndaşlarımız üçün digər stimullaşdırıcı tədbirlər tətbiq edilər bilər. Məsələn, onlar yenidən kreditə müraciət edən zaman daha aşağı faizli borc əldə etmək hüququ qazana bilərlər. Sözügedən vətəndaşlar üçün təşviq mexanizmlərinin işlənib hazırlanması mümkündür.
- Güzəştin tətbiq olunması üçün maliyyə imkanlarımız varmı? Kompensasiyasının təklif olunması üçün ölkəmizin maliyyə imkanları var. Bu birdəfəlik ödənişdir və bu baxımdan da hökumət üçün gələcək öhdəlik yaratmır. Mərkəzi Bankın məlumatına görə, vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 748 milyon manatdır. Bu isə o deməkdir ki, hətta qeydiyyata düşməyən problemli kreditlərin də məbləğini nəzərə alsaq da belə öncə təklif edilən istiqamətlər üzrə güzəştlərin məbləği təxminən 1 milyard manat olacaq. Bu məbləği Mərkəzi Bank ilə yüksək faizli kreditlərdən faydalanan bankların qarşılamaq imkanı var.
- Güzəştlərin tətbiqi devalvasiyalardan sonra kredit götürən vətəndaşlarda borc qaytarmaqda arxayınçılıq yaradacaqmı? Problemli kreditlərin həlli üçün 2008-ci ildən sonra 441 milyard dollara yaxın vəsait xərcləyən ABŞ təcrübəsi daxil olmaqla digər tərəflərin praktikası göstərir ki, güzəştlərin tətbiqi digər kreditlərin qaytarılması üçün çətinliklər yaratmır.