Azərbaycanın bank sektorunda problemli istehlak kreditlərinin həcmi dekabrın 1-nə 339 milyon manat təşkil edib. Bu seqmentdə artım bütün dövrlər üzrə davam edir.
FED.az Azərbaycan Mərkəzi Bankının statistikasına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 71,9 milyon manat və ya 26,9% artım deməkdir.
Belə ki, ötən ilin dekabrın 1-nə vaxtı keçmiş istehlak kreditlərinin həcmi 267,1 milyon manat idi.
Portfelin digər dövrlər üzrə dinamikası da artımı təsdiqləyir. Ötən ilin sonuna (246,3 mln. manat) nəzərən problemli kreditlər 92,7 milyon manat (37,6%) artıb. Son bir ayda isə (noyabra nəzərən) portfeldə 13,2 milyon manat (4,1%) artım qeydə alınıb.
Xatırladaq ki, problemli istehlak kreditləri portfeli bu ilin noyabrın 1-nə 325,8 milyon manat, ötən ilin sonunda 246,3 milyon manat, ötən ilin eyni dövründə isə 267,1 milyon manat idi.
Vaxtı keçmiş kreditlərin ümumi istehlak kreditləri portfelindəki payı isə dekabrın 1-nə 3,6% təşkil edib. Bu, ötən ilin eyni dövrü (3,2%) ilə müqayisədə 0,4 faiz bəndi, ötən ilin sonu (2,9%) ilə müqayisədə 0,7 faiz bəndi, son bir ayla (3,5%) müqayisədə isə 0,1 faiz bəndi pisləşmə deməkdir.












