Azərbaycanın kredit bazarında ən sağlam və dayanıqlı seqment olan ipoteka kreditləşməsində müsbət tendensiya davam edir. Oktyabrın 1-nə olan məlumata görə, problemli ipoteka kreditlərinin həcmi 32,5 milyon manata düşüb.
FED.az-ın Mərkəzi Bankın statistikasına əsasən verdiyi xəbərə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,3 milyon manat və ya 9,2% azalma deməkdir.
Belə ki, ötən il oktyabrın 1-də problemli ipoteka kreditlərinin həcmi 35,8 milyon manat səviyyəsində idi.
Portfelin dinamikasına nəzər saldıqda, ötən ilin sonuna (34 mln. manat) nəzərən 1,5 milyon manatlıq (4,4%) azalma olsa da, son bir ayda (sentyabra nəzərən) cəmi 0,9 milyon manatlıq (2,8%) artım qeydə alınıb.
Müqayisə üçün bildirək ki, problemli ipoteka kreditləri portfeli ötən ilin eyni dövründə 35,8 milyon manat, ötən ilin sonunda 34 milyon manat, bu ilin sentyabrın 1-də isə 31,6 milyon manat səviyyəsində idi.
Problemli ipoteka kreditlərinin ümumi ipoteka portfelindəki payı cəmi 0,7% təşkil edir. Bu göstərici son bir ay ilə müqayisədə dəyişməyib. Lakin ötən ilin eyni dövrü (0,9%) ilə müqayisədə 0,2 faiz bəndi, ötən ilin sonu (0,8%) ilə müqayisədə isə 0,1 faiz bəndi yaxşılaşıb.














