Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan “Atabank” ASC, “Ag Bank” ASC və “NBC Bank” ASC-də qadağa tətbiq edilən zaman qəbul edilən əmanətlərin qaytarılması üçün Konstitusiya Məhkəməsinə müraciət olunması məqsədilə Nazirlər Kabinetinə məktub ünvanlayıb.
Eləcə də bax: Fond bloklanmış əmanətlərə görə - NAZİRLƏR KABİNETİNƏ MÜRACİƏT EDİB
Fonddan FED.az-a bildirilib ki, ləğv prosesində olan “Atabank” ASC, “AG Bank” ASC və “NBC Bank” ASC-də maliyyə bazarlarına nəzarət orqanı tərəfindən fiziki şəxslərdən müddətli əmanətlərin qəbulu, qorunan əmanətlərin həcminin artımı, mövcud əmanətlərin şərtlərinin dəyişdirilməsi yolu ilə qorunan əmanət statusuna aid edilməsinə dair əməliyyatların həyata keçirilməsinin dayandırılmasına dair təshih tədbirləri tətbiq edilib, yəni əmanət qəbuluna qadağa qoyulub.
Amma bu qadağaya baxmayaraq, sözügedən banklar tərəfindən əmanətlər qəbul edilib, qorunan əmanətlərin həcminin artımı, mövcud əmanətlərin şərtlərinin dəyişdirilməsi yolu ilə qorunan əmanət statusuna aid edilməsinə dair əməliyyatların həyata keçirilməsi müəyyən olunub.
Bundan əlavə, “Atabank” ASC-yə təyin olunmuş müvəqqəti inzibatçının ƏSF-yə təhvil verdiyi ləğv prosesində olan “Atabank” ASC-nin əmanətçilər qarşısında öhdəliklərinin reyestrində əmanətçilərin depozitlərinin bir hissəsi səhvən qorunmayan əmanət kimi qeydə alınıb.
Bu məsələlərlə əlaqədar sözügedən bankların əmanətçilərinin hüquqi mənafelərinin qorunması və əmanətlər üzrə kompensasiyaların verilməsi üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət olunması məqsədilə Əmanətlərin Sığortalanması Fondu tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinə məktub ünvanlanıb.