Prezident İlham Əliyevin problemli kreditlərlə bağlı fərmanına əsasən, kredit borcunu indiyədək tənzimləyə bilməyən bank müştərilərinin kreditləri restrukturizasiya olunacaq. FED.az xəbər verir ki, bu həmin şəxslərə yeni, daha güzəştli şərtlərlə kreditin verilməsi deməkdir. Fərmana əsasən, Mərkəzi Bank belə kreditləri vermək üçün banklara illik 0,1%-lə, yəni demək olar ki, faizsiz vəsaitlər ayıracaq. Öz növbəsində banklar bu vəsaitləri illik 1%-lə borcu olan vətəndaşlara kredit kimi ayıracaqlar. Güzəştli kreditlər 5 illik müddətə ayrılacaq, onun birinci ili güzəştli olacaq, yəni kreditin ödənilməsinə ikinci ildən başlanacaq.
Bəs güzəştli kreditlər nə qədər sərfəlidir? İllik 1% kredit götürənlərin aylıq ödənişləri hansı məbləğdə olacaq? FED.az bunu müəyyfən etmək üçün sözügedən şərtlərlə veriləcək güzəştli kreditləri bu gün Azərbaycan banklarındakı istehlak kreditləri ilə müqayisə edib. Xatırladaq ki, həmin kreditlərin illik faiz dərəcəsi orta hesabla 24%-dir.
Hesablamalar göstərir ki, illik 1%-lə verilən kreditlərdə aylıq ödənişlə yanaşı, son nəticədə banka artıq ödənilən vəsait də inanılmaz kiçikdir.
Eləcə də bax: AMB sədri: Fikirləşirlər ki, çoxlu pul çap edərsən və problem həll olunar
Belə ki, 10 min manat kredit götürən şəxs 48 ay ərzində hər ay 212 manat ödəniş etməklə son nəticədə banka kreditdən əlavə cəmi 205 manat faiz ödəyir. Müqayisə üçün bildirək ki, həmin məbləğdə və müddətə, amma illik 24%-lə verilən kreditlərdə banka artıq ödənilən məbləğ 5600 manatdan artıqdır.
Məbləği 3 min manat olan kreditlərdə banka artıq ödənilən məbləğ 1%-lik şərtlərlə cəmi 62 manatdır. 24%-lik kreditdə isə banka 1695 manat əlavə vəsait ödəmək ğələb olunur.
Güzəştli şərtlərlə 15 min manatıq kredit götürən müştəri hər ay 319 manat aylıq ödəniş etməklə, son nəticədə banka 308 manat əlavə vəsait ödədiyi halda, adi istehlak kreditlərində həmin məbləğə və həmin müddətə aylıq ödəniş 489 manat, əlavə ödənilən məbləğ isə 8473 manatdır.