Azərbaycanın bank sektorunda vaxtı keçmiş biznes kreditlərinin həcmində son bir ayda azalma qeydə alınıb. Noyabrın 1-nə olan məlumata görə, problemli biznes kreditlərinin həcmi 447,4 milyon manata enib.
FED.az Mərkzi Bankın hesabatına istinadən bildirir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 34,7 milyon manat və ya 8,4% artım deməkdir.
Ötən il noyabrın 1-də bankların problemli biznes kreditləri portfeli 412,7 milyon manat təşkil edirdi.
Bu seqmentdə artım tendensiyası ilin əvvəlindən bəri davam etsə də, son ayda vəziyyət müsbətə doğru dəyişib. Ötən ilin sonuna (374,8 mln. manat) nəzərən portfel 72,6 milyon manat (19,4%) böyüyüb. Lakin oktyabr ayı ilə müqayisədə 3,5 milyon manat (0,8%) azalma qeydə alınıb.
Müqayisə üçün qeyd edək ki, problemli biznes kreditləri portfeli bu ilin oktyabrın 1-nə 450,9 milyon manat, ötən ilin sonunda 374,8 milyon manat, ötən ilin eyni dövründə isə 412,7 milyon manat təşkil edirdi.
Problemli kreditlərin ümumi biznes kreditləri portfelindəki payı isə 2,9% təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü (2,8%) ilə müqayisədə 0,1 faiz bəndi pisləşib. Lakin ötən ilin sonu (2,5%) ilə müqayisədə portfelin keyfiyyəti 0,4 faiz bəndi pisləşib. Son bir ayla müqayisədə isə dəyişiklik olmayıb.











