Plastik kart mövzusunu davam etdirərək bugün Sizə çox özəl və fərqli xüsusiyyətlərə malik bir kart barədə danışmaq istərdik.
Bəzən çoxlarımız özümüzün həqiqətən də VİP olduğunu hiss etmək istəyirik. Məsələn, siz səyahət edərkən heç hava limanlarının adi və ümumi gözləmə zallarında deyil, VİP və birinci dərəcəli zallarında dincələrək pulsuz içkilər içmək, yeməklərdən dadmaq, spa-prosedurlardan faydalanmaq və bir sıra digər biznes-xidmətlərdən istifadə imkanı əldə etmək istərdinizmi? Və ya uçuşunuz yubandıqda, reysiniz təxirə salındıqda, tranzit uçuşlar zamanı yorucu və cansıxıcı gözləmələrdən azad olub səmərəli vaxt keçirmək, sakit bir məkanda işgüzar görüşlər təyin etmək, sənədlərlə işləmək, ofislə və ya tanışlarla əlaqə saxlamaq, səs-küydən uzaq olmaq istərdinizmi? Əminik ki, çoxlarınız bu suala “bəli” deyə cavab verərdiniz.
Beləliklə, əslində siz də belə imkanı qazana bilərsiniz. Bunun üçün biznes sinif sərnişini olmağa və ya biznes sinif biletlərini almağa heç də ehtiyac yoxdur. Sadə ekonom sinif bileti ilə də siz belə gözəl imkanlardan yararlana bilərsiniz. Bundan ötrü Sizə sadəcə Priority Pass üzvlük kartını almaq lazımdır.
Priority Pass – VİP və birinci dərəcəli zallara daxil olmaq üçün Sizin “Buraxılış Vəsiqə”nizdir. Bu kartı Nikoil, XalqBank, Kapital Bank, Unibank, Bank Avrasiya, AzerTurk Bank və AG bank kimi bir sıra Azərbaycan banklarından əldə edə bilərsiniz. Kartın əldə edilməsi ilə bağlı daha ətraflı məlumat üçün adıçəkilən banklar ilə əlaqə saxlaya bilərsiniz.
İndi isə bir qədər sizə kartın üstünlükləri barədə məlumat vermək istərdik. Priority Pass üzvlük kartının üstünlükləri əsasən aşağıdakılardır:
1. Geniş əhatə dairəsinə malik olması: Dünyanın 120-dən çox ölkəsinin 400-dən artıq şəhərində yerləşən 950-dən çox VİP və birinci dərəcəli zallarında kartın verdiyi imkanlardan istifadə edə bilərsiniz.
2. İstənilən sinfə şamil olunması: VİP-zallara daxil olub onların təklif etdiyi güzəştlərdən istifadə edə bilməniz üçün heç də birinci sinif və ya biznes sinif ilə uçmaq şərt deyil. Bunun üçün sadəcə Priority Pass üzvlük kartını əldə edib hava limanlarında təqdim etmək kifayətdir.
3. Çoxsaylı güzəştlər və biznes-xidmətlər: Səyahət etdiyiniz ölkədən, biletin növündən, yəni sinfindən, uçduğunuz aviaşirkətdən və onun klub üzvü olub-olmamağınızdan asılı olmayaraq Siz yerləşdiyiniz hava limanının birinci dərəcəli zallarına giriş hüququ qazanırsınız, eləcə də həmin zalların təklif etdiyi bütün güzəştlərdən yararlana və təklif edilən biznes-xidmətlərdən (məs.: telefon, faks və s.) istifadə edə bilirsiniz.
4. Rahatlıq və sakitlik: ümumi gözləmə zalından fərqli olaraq VİP və ya birinci dərəcəli zallarda siz hamıdan uzaq çox sakit bir məkana düşürsünüz. Məhz burada sözügedən zalların təklif etdiyi biznes-xidmətlərdən asanlıqla və heç bir müdaxilə olmadan istifadə edə bilərsiniz. Pulsuz olaraq spa-prosedurları keçə, içkilər içə, yemək yeyə və s. üstünlüklərdən istifadə edə bilərsiniz.
5. Valyuta funksionallığı: Priority Pass kartları istənilən valyutada funksionaldır.
6. 24/7 prinsipi: bütün plastik kartlarda olduğu kimi Priority Pass kartları vasitəsilə də siz rahatlıqla ödənişlər və alış-veriş edə, nağd pul çıxara, eləcə də mehmanxanalarda rezervasiya edə və maşın icarəyə götürə bilərsiniz.
Yuxarıda qeyd edilən üstünlüklərdən savayı, siz həmçinin bu kart vasitəsilə öz qonaqlarınızı, biznes partnyorlarınızı, ailə üzvlərinizi və ya sizi yola salan şəxsləri də özünüzlə həmin zallara dəvət edə bilərsiniz. VİP zalların şəraitindən asılı olaraq 10 nəfərə kimi şəxsi dəvət etmək imkanınız var. Bunun üçün zalda sadəcə sizin Priority Pass üzvlük kartınızın nüsxəsi çıxarılır, sizdən slip (yəni məxaric orderi) imzalamağınız xahiş edilir, bundan sonra həmin slipin surətini özünüzdə saxlayın. Daha sonra sizin və qonağınızın hər bir ziyarət (yəni zaldan istifadə və ya giriş haqqı) üçün ödənişi ayın sonunda göstərdiyiniz kredit kartından və ya hesabınızdan tutulacaqdır.
Qeyd edək ki, VİP-zallara və birinci dərəcəli zallara bir nəfər üçün giriş qiyməti zaldan asılı olaraq 24-30 ABŞ dolları arasında dəyişir.
Priority Pass kartlarını əldə etmək üçün illik üzvlük haqqı ödəmək lazımdır. Bu kart üzrə illik üzvlük haqqı bankdan asılı olaraq 0-500 AZN arasında, ilkin mədaxil məbləği 0-250 AZN, minimal sığorta məbləği 0-150 AZN arasında dəyişir.
Priority Pass kartı üzrə VİP-zallar və həmin zallarda göstərilən xidmətlər barədə təfərrüatlı məlumatlar əldə etmək və yeniliklərlə tanış olmaq üçün www.prioritypass.com internet səhifəsinə daxil ola bilərsiniz.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.