Azərbaycanda problemli borcların həlli ilə bağlı prezident İlham Əliyevin fərmanından kredit müştəriləri ilə yanaşı, problemli borclardan əziyyət çəkən banklar da faydalanır. FED.az xəbər verir ki, əhali müştəriləri və istehlak kreditləri üzrə ixtisaslaşmış «Bank of Baku» kapitalını artımağa hazırlaşır. Bank dairələrindən FED.az-a verilən məlumata görə, kapital artımı artıq gələn həftə elan ediləcək.
Xatırladaq ki, hazırda «Bank of Baku»nun cəmi kapitalı 32,1 milyon manat təşkil edir ki, bu da qanunericilikdə nəzərdə tutulan 50 milyon manatlıq həddən aşağıdır. Nəticədə Maliyyə Palatası Bankın fəaliyyətinə bir sıra məhdudiyyətlər tətbiq edib. Amma artıq gələn həftə bu problemin araan qalxması gözlənilir: «Kapital artımı qanunveriilikdə nəzərdə tutulan tələbi amamilə qarşılayacaq, nəticədə bankın kapitalı tələbdən daha yüksək həddə olacaq»-deyə bildirilir.
Eləcə də bax: Azərbaycanda mənfəət və zərərlə işləyən banklar – MƏBLƏĞLƏR - TAM SİYAHI
FED.az-ın məlumatına görə, kapital artımı «Bank of Baku»nun mövcud səhmdarlarının hesabına həyata keçirilib və bu zaman səhmdarların pay bölgüsündə dəyişiklik baş verməyib.
Məlumata görə, bankın kapitalının artımında prezident İlham Əliyevin problemli borcların həlli ilə bağlı fərman böyük rol oynayıb. Məhz fərman çərçivəsində edilən ödənişlər və problemli borcların həlli indiyədək məcburi ehtiyatlar üçün ayrılan vəsaitlərin bir hissəsnin azad olaraq bankın kapitalına əlavə edilməsinə imkan verib.
«Bank of Baku» ənənəvi olaraq istehlak kreditləri sahəsində ixtisaslaşdığı üçün bu fərmanın təsirini ən çox hiss edən banklardan biridir.
Qeyd edək ki, sözügedən bank 2019-cu ilin birinci rübünü 7 milyon 752 min manat zərərlə başa vurub. İlk rüb ərzində bankın kapitalı da 39,9 milyon manatdan 32,1 milyon manata enib. Amma planlaşdırılan kapital artımı ilə bu problem həllini tapacaq.