Prezident İlham Əliyev ölkə banklarına xəbərdarlıq edərək onları kredit faizlərini aşağı salmağa və biznes kreditlərini artırmağa çağırıb.
FED.az xəbər verir ki, fevralın 3-də keçirilən konfransda çıxış edən prezident bildirib ki, bank sektorunda sağlamlaşdırma prosesi davam etməlidir. Dövlət banklara indiyədək böyük dəstək verib, banklar isə bunun müqabilində ölkə iqtisadiyyatına dəstək olmalıdırlar:
«Biz banklara çox böyük dəstək vermişik, bütün əmanətlər sığortalanıb. Baxmayaraq ki, böranlı dövrlər arxada qalıb, amma yenə də əhalinin banklara inamının artırılması üçün dövlət bu məsələni üzərinə götürür. Azərbaycan nadir ölkələrdən biridir ki, bütün bank əmanətləri dövlət tərəfindən sığortalanır. Bu banklara edilən böyük güzəştdir və həm də məsuliyyətdir.
Və əgər onlar tərəfindən, özəl banklar tərəfindən hər hansı sürpriz olarsa, onlar özlərindən küssünlər. Mərkəzi Banka verilən yeni səlahiyyətlər çərçivəsində nəzarət daha güclü olmalıdır ki, sağlamlaşdırma prosesi uğurla başa çatsın.
Və iqtisadiyyat artdıqca, uçot dərəcəsi də aşağı düşür - indi 7,25%-dir və özəl banklar da faizləri aşağı salmalıdırlar. Çünki AMB da uçot dərəcəsini aşağı salır.
Və bütövlükdə özəl banklar iqtisadi inkişafımıza təkan verməlidir, onların işi oturub pul qazanmaq olmamalıdır. Onlar öz məsuliyyətlərini dərk etməlidir. Dövlət onlara fəaliyyət üçün imkan yaradıb, lisenziya verib. Əgər banklarda hər hansı problem olsa lisenziya ləğv ediləcək, vəssalam.
Bir çox bankların lisenziyası ləğv edildi, onlar bu imkandan məhrum olacaqlar. Ona görə də məsuliyyətli yanaşmalıdırlar, heç bir sürpriz olmamalıdır. Və onlar biznes kreditlərə üstünlük verməlidirlər, halbuki, yenə də istehlak kreditlərinə üstünlük verilir. Əlbəttə bu asandır, istehlak kreditini verib faizini alır. Amma biznes krediti iqtisadiyyat və iş yerləri üçün lazımdır.
AMB və Nazirlər Kabineti bunu nəzarətə götürsünlər və mənə müntəzəm məlumat verilsin - biznes və istehlak kreditlərinin payı nə qədərdir.
Bir də rayon və kənd yerlərində təklif edilən əmlakları banklar girov kimi qəbul etmirlər, onlar Bakıda əmlak istəyirlər, buna da son qoyulmalıdır, bu ayrı-seskiliyə yol vermək olmaz».