Azərbaycanın aparıcı banklarından olan «Premium Bank» ASC bu ilin yanvar-sentyabr ayları üzrə hesabatını açıqlayıb.
FED.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, hesabat dövründə bankın gəlirləri və xərcləri azalıb, əməliyyat və xalis mənfəəti kəskin aşağı düşüb, bank qənaətə başlayıb.
İlk 9 ay ərzində «Premium Bank»ın faiz gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 12% azalaraq 26 milyon 268 min manat, faiz xərcləri isə əksinə, 63% artaraq 14 milyon 580 min manat olub. Faiz gəlirlərinin azalmasının səbəbi, bankın kredit faizlərindən daxil olmalarının aşağı düşməsidir.
Nəticədə bankın xalis faiz gəliri təqribən 2 dəfə azalaraq ötənilki 20,9 milyon manatdan bu il 11,7 milyon manata enib.
Bu il bankın qeyri-faiz əməliyyatlarından da gəlirləri kəskin azalıb. İlk 9 ayda «Premium bank» 11 milyon 160 min manat qeyri-faiz gəliri əldə edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 29% aşağıdır. Bu dövrdə bankın müştərilərə xidmətdən əldə etdiyi haqq və komissiya gəliri isə 4,1 milyon manat və ya 34% azalıb.
«Premium bank»ın qeyri-faiz xərcləri isə təqribən 5 milyon manat və ya 19,8% azalıb. Azalma bankın demək olar bütün xərclərində hiss olunub – 9 ayda bankda ödənilən əmək haqları 2%, inzibati xərclər 19,6%, digər xərclər isə 3,5 milyon manat və ya 27% azalıb.
Nəticədə bank 9 ayı 3 milyon 628 min manat əməliyyat mənfəəti ilə başa vurub. Bu ötən ilin eyni dövründəkindən 3,5 dəfə azdır (ötən il 12,8 milyon manat olmuşdu).
Bu il ehtiyat ayırmaların balansa qayıtması bankı «vəziyyətdən çıxarıb». 5,2 milyon manatın geri qayıtması nəticəsində «Premium bank»ın vergidən əvvəlki mənfəəti 8 milyon 819 min manat olub, 1 milyon 169 min manat mənfəət vergisi ödənişindən sonra, bank hesabat dövrünü 7,65 milyon manat xalis mənfəətlə başa vurub. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 31% azdır.
Bu dövrdə bankın cəmi aktivləri 4,3% artaraq 670,3 milyon manatı keçib. Bunun 564,3 milyon manatı müştərilərə verilmiş xalis kreditlərin payına düşüb (0,3% artım var).
«Premium bank»ın öhdəlikləri 5,7% azalaraq 485,3 milyon manata enib, əvəzində kapitalında ciddi artım olub. Bankın cəmi kapitalı 57 milyon manat və ya 44,6% artaraq 185 milyon manatı keçib. Bu artımın 50 milyon manatı səhmdarların banka yatırdığı əlavə vəsaitdir, 7 milyon manat isə bankın hesabat dövründəki bölüşdürülməmiş mənfəətidir.