Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Rusiyanın Sankt-Peterburq Dövlət İqtisad Universiteti ilə birgə COP 29-a həsr olunan “Yaşıl iqtisadiyyat: Elm, təhsil, texnologiya və innovasiya” mövzusunda beynəlxalq elmi-praktiki konfrans öz işinə başlayıb.
FED.az xəbər verir ki, 3-4 Oktyabr tarixlərində davam edən konfransda Azərbaycan, Türkiyə, Rusiya və Almaniyadan olan ekspertlər və dövlət rəsmiləri iştirak edirlər. Konfransda COP29 tədbiri, yaşıl iqtisadiyyat və yaşıl maliyyə mövzuları, o cümlədən təhsildə yaşıl iqtisadiyyatın rolu, dayanıqlı maliyyə, ətraf-mühitin qorunması və s. məsələlər müzakirə edilir.
“Yaşıl dünya naminə həmrəylik ili” və “Yaşıl UNEC” ili çərçivəsində təşkil olunan konfransdan öncə iştirakçılar UNEC Dizayn Məktəbinin tələbələrinin ekologiyaya həsr etdikləri rəsm sərgisi, eləcə də ekoloji təmiz parçalardan hazırlanmış geyim nümunələri ilə tanış olublar. “Qida mühəndisliyi" ixtisasının tələbələrinin UNEC-in Qida təhlükəsizliyi laboratoriyasında hazırladıqları ekoloji təmiz qidaları dequstasiya ediblər və yaşıl iqtisadiyyatla bağlı kitab sərgisini izləyiblər.
Konfransın açılışında çıxış edən UNEC rektoru professor Ədalət Muradov universitetdə COP 29-a həsr olunan silsilə tədbirlərin keçirildiyini diqqətə çatdırıb, konfransın bu istiqamətdə növbəti addım olduğunu deyib. UNEC-in strateji hədəflərindən birinin 2030-cu ilədək yaşıl universitetə çevrilmək olduğunu bildirən rektor, QS Dayanıqlılıq Reytinqi 2024 üzrə UNEC-in ölkədə lider olduğunu diqqətə çatdırıb. UNEC alimlərinin dayanıqlı inkişaf məqsədləri üzrə 400-dən çox məqaləsinin çap edildiyini, bu göstəricinin yaşıl dünya naminə həmrəylik ili üçün önəmli töhfə olduğunu vurğulayıb.
Rektor COP 29-da müzakirəsi vacib hesab edilən - yaşıl iqtisadiyyata keçiddə dövlətin rolunun artırılması, yaşıl iqtisadiyyat konsepsiyasının tələblərinə cavab verməyən qlobal təşkilatların transformasiyası, ətraf mühit siyasətinin iqtisadi artıma təsiri, ümumi daxili məhsulda yaşıllaşma və yaşıl təhsil modelinə keçidlə bağlı təkliflərin ictimaiyyətin müzakirəsinə çıxarıldığını da diqqətə çatdırıb. Ədalət Muradov bugünkü konfransda COP 29 və yaşıl dünyaya həsr olunan çoxsaylı suallara cavabların tapılacağından əminliyini bildirib.
Qeyd edək ki, "Premium Bank" ASC-nin dəstəyi ilə keçirilən beynəlxalq konfrans oktyabrın 4-də başa çatacaq.