PAŞA Bank Georgia-nın Müşahidə Şurasının qərarı ilə Pərvin Məmmədov 2023-cü ilin oktyabr ayından etibarən PAŞA Bank Georgia-nın İdarə Heyətinin üzvü və Baş Maliyyə direktoru vəzifəsinə təyin edilib.
FED.az xəbər verir ki, Pərvin Məmmədov, bakalavr təhsilini 2009-cu ildə Türkiyənin 9 Eylül Universitetinin biznes idarəçiliyi fakültəsində, magistr təhsilini isə Azərbaycan Dövlət İqtisad Universitetində Biznesin idarə edilməsi üzrə alıb.
Maliyyə sektorunda geniş təcrübəyə malik olan Pərvin Məmmədov karyerasınının ilk dövrlərində Rabitə Bank ASC-də və KredAqro BOKT-da çalışıb. O, 2012-ci ilin aprel ayından etibarən fəaliyyətini Kapital Bank-da direktor vəzifəsində davam etdirib.
Pərvin Məmmədov PAŞA Bank Georgia-ya 2023-cü ilin oktyabr ayında İdarə Heyətinin üzvü və Baş Maliyyə direktoru kimi qoşulub.
PAŞA Bank Georgia sığorta, əmlakın inkişafı, tikinti, turizm və digər sektorlarda fəaliyyət göstərən şaxələndirilmiş investisiya qrupu olan PAŞA Holdinqin bir hissəsidir.
Xatırladaq ki, PAŞA Bank Gürcüstanda 2013-cü ildən fəaliyyət göstərir.