Azərbaycanın aparıcı bankı olan «PAŞA Bank»ın Gürcüstandakı törəmə bankı olan «PASHA Bank Georgia» 2019-cu ildə olduğu kimi, 2020-ci ili zərərlə başa vurub.
FED.az bankın hesabatına istinadən xəbər verir ki, 2020-ci ildə «PASHA Bank Georgia»nın faiz gəlirləri 34 011 min lari (18,9% artım), faiz xərcləri 15 659 minlari (47,1% artıb) təşkil edib.
Nəticədə bankın xalis faiz gəlirləri 2019-cu ildəki 17,96 milyon lari olduğu halda, 2020-ci ildə 18,35 milyon lari təşkil edib.
Bankın gəlirlərini azaldan əsas məqam, faiz aktivləri üzrə itkilərin kəskin artımı olub.
«PASHA Bank Georgia» 2019-cu ildə bu məqsədlə cəmi 3,7 milyon lari ayırsa da, 2020-ci ildə bu rəqəm 3,3 dəfə artaraq 12,3 milyon lariyə yüksəlib.
Nəticədə dəyərsizləşmə nəticəsində itkilər çıxılandan sonra bankın təmiz faiz gəliri 6 047 min lari təşkil edib, 2019-cu ildə isə bu göstərici 14 295 min lari idi.
2020-ci ildə «PASHA Bank Georgia»nın qeyri-faiz gəlirləri 6 364 min lari (27,1% artıb), qeyri-faiz xərcləri isə 31 502 min lari olub (13,4% artıb).
Nəticədə bank 2020-ci ili 19 milyon 253 min lari və ya 5,9 milyon dollar zərərlə başa vurub. 2019-cu ildə isə bank 9 milyon 060 min lari və ya 3,16 milyon dollar zərərlə başa vurub.
Hesabat dövründə bankın aktivləri 3,8% azalaraq 473,4 milyon lari və ya 144,5 milyon dollara bərabər olub.
Bankın öhdəlikləri demək olar dəyişməyib – 390,3 milyon lari və ya 119,1 milyon dollar təşkil edib.
2020-ci ildə «PASHA Bank Georgia»nın kapitalı da 18,8% azalaraq 83 084 min lari və ya 25,36 milyon dollara bərabər olub.