«Paşa Bank»ın Gürcüstandakı törəməsi «Pasha Bank Georgia» 2022-ci ilin ilk yarısını zərərlə başa vurub.
FED.az xəbər verir ki, bu barədə bankın hesabatında bildirilir.
Hesabata əsasən, 2-ci rübün sonuna bankın aktivləri 457,4 milyon lari olub. Bu ötən ilin eyni dövründən 44 milyon lari və ya təqribən 10% artıqdır.
Aktivlərin artımı demək olar ki, tamamilə kreit portfelinin artımı ilə bağlıdır – 45 milyon lari və ya 15,6% artımdan sonra kredit portfeli 333 milyon lariyə yüksəlib.
Bankın digər göstəricilərində ciddi dəyişiklik olmayıb, məlumat üçün bildirək ki, «Pasha Bank Georgia»nın aktivləri sırasında 37,3 milyon lari vəsait Gürcüstan Milli Bankndakı hesablarda, 43,8 milyon lari başqa banklarda saxlanılır. Daha 41 milyon lari isə qiymətli kağızlara yatırılıb.
Bankın öhdəlikləri isə bu dövrdə 26 milyon lari və ya 7,7 milyon lari artaraq 365 milyon lariyə yüksəlib. Öhdəliklərin böyüməsi bankda müddətli depozitlərni həcminin artımı ilə bağlıdır – 138 milyon laridən 167 milyon lariyə.
«Pasha Bank Georgia»nın cəmi kapitalı isə 18 milyon lari artaraq 74 milyondan 92 milyonlariyə yüksəlib.
Amma bankın böyük miqdarda yıtılmış zərəri var. Məsələ bundadır ki, səhmdarlar banka 129 milyon lari yatırdıqları halda, ondan təqribən 37 milyon lari vəsaiti «zərər əridib». Nəticədə cəmi kapital 92 milyon lari olub.
Bankın zərərli fəaliyyəti 2022-ci ilin ilk yarısında da davam edib. «Pasha Bank Georgia» 2-ci rübü zərərlə bitirib.
Hesabatdan aydın olur ki, bank bu dövrdə 19 milyon faiz gəliri əldə edib (3,5 milyon lari və ya 23%).
Əgər ötən ilin eyni dövründə «Pasha Bank Georgia» kreditlərdən 12,75 milyon lari qazanc götürmüşdüsə, bu il həmin məbləğ 15,63 milyon larini keçib.
Bankın faiz xərcləri isə 7 milyondan 8 milyon lariyə yüksəlib. Nəticədə xalis faiz gəliri 10,9 milyon lariyə yüksəlib (ötən il 8,4 milyon lari idi).
Qeyri-faiz gəlirləri isə 85% artaraq 2,2 milyondan 4,2 milyon lariyə yüksəlib. Qeyri-faiz xərcləri isə 2,3 milyon lari artaraq 13,7 milyon lariyə çatıb.
Nəticədə yarım ilin yekununa görə, bankın əməliyyat zərəri 2,8 milyon lari olub (ötən ilin eyni dövründə əməliyyat zərəri 3 milyon lariyə yaxın idi).
«Pasha Bank Georgia» əlavə 500 min lari də ehtiyatlara ayırıb. Nəticədə bank yarım ili 3,3 milyon lari zərərlə başa vurub. Ötən il isə bu məbləğ 1,4 milyon lari idi. Başqa sözlə, bankın xalis zərəri ötən illə müqayisədə 2,3 dəfə artıb.