2026-cı ildə Azərbaycanın bank sektorunda növbəti iri İPO həyata keçirilə bilər.
FED.az xəbər verir ki, gələn il ölkənin bank sektorunun liderlərindən biri olan «Paşa Bank»ın səhmlərinin bir hissəsi İPO üsulu ilə birjaya çıxarıla bilər.
Qeyd edək ki, İPO (initial public offering) – şirkətin səhmlərin publik yerləşdirilməsi, yəni səhmlərin bir hissəsinin birja vasitəsilə kiçik investorlara satışıdır.
Azərbaycanda 2025-ci ildə artıq bir dəfə İPO baş verib. Ölkənin bank sektorunun lideri olan Azərbaycan Beynəlxalq Bankı – ABB Bank özünün yeni buraxılan səhmlərini İPO vasitəsilə kiçik investorlara satıb. Bu üsualla 33 min investor səhm alaraq birja investoruna çevrilib. ABB bankının bazara 33 min investorun cəlb edilməsi ilə nəticələnən ilk və müsbət IPO təcrübəsi fond bazarının inkişafı üçün mühüm stimul olub.
FED.az xəbər verir ki, növbəti İPO-nun təşəbbüskarı isə ölkənin ən böyük biznes qruplarından biri olan «PASHA Holding» ola bilər. Holdinqin baş icraçı direktoru Cəlal Qasımov bildirib ki, holdinq «PASHA Bank»ın səhmlərinin yerləşdirilməsi də daxil olmaqla IPO imkanını nəzərdən keçirir. Hazırda İPO vasitəsilə bazara çıxarılacaq səhm paketinin həcmi müəyyən edilir: «Paketin həcmini müəyyən etmək üçün bazarın imkanlarını qiymətləndirməliyik. Biz IPO-nu elə keçirmək istəyirik ki, bütün kateqoriyalardan olan investorlar səhmləri ala bilsinlər. Səhmlərin nominal dəyəri yəqin ki, 50-100 manat arasında olacaq»-deyə Holdinq rəhbəri bildirib («Report»).
Qeyd edək ki, adətən səhmlərin İPO üsulu ilə satışa çıxarılmasında məqsəd şirkətə əlavə vəsait cəlb edilməsi olur. «Paşa Bank» kifayət qədər böyük maliyyə imkanlarına malik olduğundan, böyük ehtimalla, planlaşdırılan İPO-nun məqsədi ölkənin fond bazarlarına dəstək vermək, potensial yatırımçıların, xüsusilə də kiçik investorların marağının bu sektora cəlb edilməsidir.
Qeyd edək ki, İPO-ların keçirilməsi ölkədə fond bazarının inkişafına ciddi təsir edir. Belə ki, ABB-nin səhmlərinin satışından sonra səhmlərin və səhm sahiblərinin uçotunun aparıldığı Milli Depozit Mərkəzində depozit hesablarının sayı 1 800-dən 40 minə yüksəlib. Yeni IPO-lar sayəsində 2026-cı ildə bu rəqəm 55-100 minə çata bilər.












