2024-cü ildə «PAŞA Bank»ın problemli kreditlərinin məbləği kəskin artıb.
FED.az bankın açıqladığı rəqəmlərə istinadən xəbər verir ki, 2024-cü ilin I rübünün sonuna «PAŞA Bank»da vaxtı keçmiş kreditlərin məbləği 140,4 milyon manat təşkil edib.
Bu 3 ay əvvəllə, yəni 2023-cü ilin sonu ilə müqayisədə 29,2 milyon manat və ya 26% çoxdur. Belə ki, ötən ilin sonuna bankda vaxtı keçmiş kreditlərin həcmi 111,2 milyon manat idi.
Cari ilin ilk rübündə «PAŞA Bank»ın qeyri-standart kreditlərinin həcmi 174,2 milyon manat olub.
Bunun 89,5 milyon manatı qeyri-qənaətbəxş, 16,3 milyon manatı təhlükəli, 68,4 milyon manatı ümidsiz kreditlərdir.
Ötən ilin sonu ilə müqayisədə qeyri-standart kreditlərin həcmi 6,2 milyon manat (yəni 4%), qeyri-qənaətbəxş kreditlərin həcmi 3,5 milyon manat (yəni 4%) artıb. Təhlükəli kreditlərin məbləği 9,5 milyon manat (37%) azalsa da, Ümidsiz kreditlərin həcmi 12,2 milyon manat, başqa sözlə 22% artıb.
Hesabat dövründə «PAŞA Bank»da vaxtı keçmiş kreditlərin kredit portfelindəki xüsusi çəkisi 4,5%, qeyri-standart kreditlərin çəkisi 5,5%, qeyri-qənaətbəxş kreditlərin çəkisi 2,8%, təhlükəli kreditlərin çəkisi 0,5%, ümidsiz kreditlərin çəkisi isə 2,2% təşkil edib.
«PAŞA Bank»da problemli kreditlərin aid olduğu sahələr də məlum olub. Belə ki, vaxtı keçmiş kreditlərin 38,5 milyon manatı ticarətin, 24 milyon manatı digər qeyri-istehsal və xidmət sahələrinin, 20,9 milyon manatı tikintinin, 19,8 milyon manatı kənd təsərrüfatının, 14 milyon manatı sənayenin digər sahələrinin, 11,3 milyon manatı fiziki şəxslərin (ipoteka və istehlak), 8,8 milyon manatı isə emal sənayesinin payına düşüb.