«PAŞA Bank» ASC 2020-ci ilin I rübü üzrə hesabatını açıqlayıb.
FED.az hesabatı istinadən məlumat verir ki, ilk 3 ayda bankın xalis mənfəəti 3,48 milyon manat təşkil edib. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 10,2 dəfə azdır. Belə ki, Bank ötən ilin eyni dövründən 35,68 milyon manat mənfəətlə çıxmışdı.
Eləcə də bax: Beynəlxalq Bank yüksək mənfəət açıqladı - RƏQƏMLƏR
1-ci rübdə «PAŞA Bank»ın faiz gəlirləri 52 milyon 014 min manat (ötən illə müqayisədə 1% az), faiz xərcləri 10 milyon 706 min manat (6,1% artıq), xalis faiz gəliri 41 milyon 308 min manat (2,7%) təşkil edib.
Bu dövrdə bankın qeyri-faiz gəlirləri 24 milyon 699 min manat (ötən illə müqayisədə 2,6 dəfə artıq), qeyri-faiz xərcləri 40 milyon 345 min manat (2,5 dəfə artıq) təşkil edib.
Nəticədə bank rübü 25 milyon 661 min manat əməliyyat mənfəəti (28% az) ilə başa vurub.
Bundan başqa, bank aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 19 milyon 970 min manat ayırıb. Bu əvvəlki illə müqayisədə 38,85 dəfə artıqdır. Belə ki, ötən ilin 1-ci rübündə «Paşa Bank» bu məqsədlə cəmi 514 min manat ayırmışdı.
Ayrılan eyhtiyatların məbləğinin böyüməsi bankın kredit portfelinin vəziyyətinin pisləşməsinə işarə edir.
Nəticədə 1-ci rübün sonunda bankın vergidən əvvəlki 5 milyon 691 min manat təşkil edib. Mənfəət vergisi ödəniləndən sonra bankın xalis mənfəəti 3 milyon 480 min manat təşkil edib. Bu əvvəlki illə müqayisədə 10,2 dəfə azdır.
1-ci rübün yekununa görə, "PAŞA Bank"ın aktivləri 4 759,7 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 2,4% çoxdur. Bunun 1 793,6 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 41,3% böyüyüb.
Hesabat dövründə "PAŞA Bank"ın öhdəlikləri 2,2% artaraq 4 286,7 milyon manata çatıb. Bununla yanaşı bankın depozit portfeli 10,7% azalaraq 3 447 milyon manata düşüb, balans kapitalı isə 4,1% artaraq 473 milyon manat təşkil edib.
Xatırladaq ki, "PAŞA Bank" 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 333 milyon manatdır. Bankın səhmlərinin 60%-i daxil olduğu "PAŞA Holdinq" MMC-yə, 30%-i "Ador" MMC-yə, 10%-i isə Arif Paşayevə məxsusdur.