«PAŞA Bank» 2019-cu ilin 4-cü rübünün yekunları üzrə hesabatını açıqlayıb.
FED.az xəbər verir ki, ötən il ərzində bankın gəlirləri 196,2 milyon manat, faiz xərcləri 38,8 milyon manat, beləliklə, xalis faiz gəlirləri 155,4 milyon manat təşkil edib.
Eləcə də bax: “PAŞA Bank" maliyyə göstəricilərini - AÇIQLAYIB
2018-ci ilin sonu ilə mqayisədə bankın faiz gəlirləri 22,7 milyon manat və ya 13,5%, faiz xərcləri isə 4,1 milyon manat və ya 11,8% artıb. Nəticədə bankın xalis faiz gəliri də təqribən 12% artıb.
Bu dövrdə bankın qeyri-faiz gəlirləri 76,6 milyon manat, qeyri-faiz xərclər isə 124,9 milyon olub. 2018-ci illə müqayisədə qeyri-faiz gəlirləri 2,3 dəfə, qeyri-faiz xərcləri 57.3% artıb.
Nəticədə bankın əməliyyat mənfəəti 107,1 milyon manat olub. «PAŞA Bank»ın bu göstəricisi əvvəlki illə müqayisədə 8 milyon manat artıqdır.
Amma bu il bank aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 24,5 milyon manat ayırıb.
Nəticədə bankın vergiyə qədər olan mənfəəti 82,5 milyon manat təşkil edib ki, bu da ötən illə müqayisədə 15,3 milyon manat azdır. «PAŞA Bank» 2019-un nəticələrinə görə, 17,5 milyon manat mənfəət vergisi ödəyib. Bu ötən illə müqayisədə 4,3 milyon manat azdır.
Bankın xalis mənfəəti də 12 milyon manat və ya 15,6% azalaraq 65 milyon manat təşkil edib.
2019-u ildə «PAŞA Bank»ın cəmi aktivləri 4 milyard 767,5 milyon manat olub. Ötən illə müqayisədə aktivlərin həcmi cəmi 1,5% artıb.
Bundan 1 milyard 96,5 milyon manatı qiymətli kağızlara yatırılıb. Yeri gəlmişkən, bu maddədə 340 milyon manat azalma var.
Əvəzində müştərilərə verilən kreditlər 478 milyon manat artaraq 1,8 milyard manata yaxınlaşıb.
2019-da bankın öhdəlikləri 4 milyard 291,7 milyon manata çatıb. Əvvəlki illə müqaysədə aktivlər 14,1 milyon manat və ya 0,3% artıb.
Bunun 3 milyard 585,5 milyon manatı müştərilərin depozit və əmanətləridir. Əvvəlki illə müqayisədə «PAŞA Bank»dakı depozit və əmanətlər 337,8 milyon manat, və ya 8,6% azalıb.
Nəticədə 2019-un sonuna «PAŞA Bank»ın cəmi kapitalı 13,8% artaraq 475,8 mlyon manata çatıb.