Azərbaycanın ən böyük maliyyə təşkilatlarından olan «PAŞA Bank» qrupu 2021-ci ildə mənfəətinin azaldığını elan edib.
Eləcə də bax: «PAŞA Bank» POS-terminallara görə sahibkarlardan - ƏLAVƏ KOMİSSİYA ALACAQ – YENİ QAYDA
FED.az xəbər verir ki, bu barədə bank rəhbərliyinin bu gün keçirlən mətbuat konfransında bildirilib. Bankın idarə heyətinin sədri Cavid Quliyev bildirib ki, «PAŞA Bank» qrupu 2021-ci ili 74 milyon 932 min manat xalis mənfəətlə başa vurub. Bu 2020-ci illə müqayisədə 10,8% azdır. Qeyd edək ki, maliyyə təşkilatı 2020-ci ili 83 milyon 968 min manat xalis mənfəətlə tamamlamışdı.
Xatırladaq ki, «PAŞA Bank» qrupuna 3 bank - «PAŞA Bank Azərbaycan», «PAŞA Bank Türkiyə» və «PAŞA Bank Gürcüstan» daxildir.
Bankın illik göstəricilərini açıqlayan idarə heyətinin sədri Cavid Quliyev bildirib ki, 2021-ci ildə Türkiyə lirəsinin devalvasiyası səbəbindən «PAŞA Bank Türkiyə»nin kapitalı 22,4 milyon manat dəyərsizləşib. Buna baxmayaraq «PAŞA Bank Türkiyə» 2021-ci ili 9 milyon 398 min manat mənfəətlə başa vurub. Xatırladaq ki, «PAŞA Bank Türkiyə» 2020-ci ildə də mənfəətlə çalışıb - 7 milyon 651 min manat.
«PAŞA Bank Gürcüstan» isə ardıcıl 2-ci ildir ki, zərərdən çıxa bilmir. 2021-ci ildə bankın xalis zərəri 2 milyon 124 min manat olub. Hərçənd 2020-ci illə müqayisədə bankın zərəri təqribən 5 dəfə azalıb – əvvəlki il zərər 10,75 milyon manat idi.
2021-ci ildə «PAŞA Bank Azərbaycan»ın cəmi aktivləri 2020-ci ilə nisbətən 16,5% artaraq 6 milyard 427 milyon manat olub. Bank menecerləri aktivlərin səmərəli istifadə olunduğuna diqqət çəkərək bildiriblər ki, bankda faiz qazandıran aktivlərin ümumi aktivlərdə payı 75,7%-dən 77,2%-ə yüksəlib.