“PAŞA Bank”ın Gürcüstandakı törəmə bankının nə üçün zərər etdiyini açıqlayıb. FED.az xəbər verir ki, "PAŞA Bank"ın İdarə Heyətinin üzvü, Baş Maliyyə İnzibatçısı Bəhruz Nağıyev Bankın bu ilin birinci yarısına olan maliyyə göstəricilərini açıqlayarkən qeyd edib ki, “PAŞA Bank”ın Gürcüstandakı törəmə bankının 2019-cu ilin 1-ci yarısındakı xalis zərəri yeni işçilərin qəbulu ilə bağlıdır.
Eləcə də bax:"PAŞA Bank" hərrac təşkilatını – MƏHKƏMƏYƏ VERİB
“PAŞA Bank Gürcüstan” bazar payını artırmağa çalışır. Buna görə, 2019-cu ilin 1-ci yarısında əlavə 188 nəfər bankda işə götürülüb. Əməkhaqqı xərclərinin artması ilə əlaqədar olaraq törəmə bankımızın zərəri yaranıb. Lakin indi yeni kollektivin vəzifəsi portfeli artıraraq gəlirləri artırmaqdır”- deyə Bəhruz Nağıyev bildirib.
Qeyd edək ki, 2018-ci ilin 1-ci yarısı ilə müqayisədə 2019-cu ilin 1-ci yarısında “PAŞA Bank Gürcüstan” 2 milyon 298 min manat xalis zərər edib. Bundan başqa bankın məcmuu kapitalı ötən ilin 1-ci yarısı ilə müqayisədə 17% azalaraq 63 milyon 263 min manat olub. Halbuki, 2018-ci ilin birinci yarısında bu göstərici 75 milyon 959 min manat idi.