Ölkənin aparıcı korporativ bankı - PAŞA Bankın törəmə təşkilatı olan PASHA Yatırım Bankası Azərbaycan qiymətli kağızlar bazarında öz istiqrazlarının yerləşdirilməsini uğurla həyata keçirib.
Bankdan verilən məlumata görə, bu yerli qiymətli kağızlar bazarının tarıxində ilk emissiya halıdır ki, digər ölkədə qeydiyyatdan keçmiş və orada fəaliyyət göstərən təşkilat Azərbaycanda qiymətli kağızlar bazarı vasitəsi ilə vəsait cəlb edir. İstiqrazların ABŞ dollarında denominasiya olunması və emitentin xarici qurum olması bu emissiyanı Azərbaycanda ilk avrobond emissiyası kimi səciyyələndirir. Bu istiqrazların yerləşdirilməsi zamanı anderrayter olaraq PAŞA Kapital İnvestisiya Şirkəti çıxış edib.
İstiqrazlarının yerləşdirilməsini şərh edən PAŞA Bankın İdarə Heyətinin Sədri Taleh Kazımov qeyd edib ki, bu emissiya ilə Bank ölkənin qiymətli kağızlar bazarının inkişafına xidmət edən növbəti uğurlu bir təşəbbüsə imza atır: “Bu və digər oxşar təşəbbüslərimizi diqqət mərkəzində saxlayan beynəlxalq maliyyə ekspertləri PAŞA Bank tərəfindən ölkənin qiymətli kağızlar bazarında həyata keçirdiyi layihələrini, o cümlədən korporativ istiqraz buraxılışını, market-meyker xidmətlərinin göstərilməsini yüksək qiymətləndirərək Bankımızı dəfələrlə nüfuzlu mükafatlara layiq görüblər. Sevindirici haldır ki, bu növ fəaliyyətlərin davamı olaraq həyata keçirilmiş PASHA Yatırım Bankasının istiqrazlarının Azərbaycan bazarında yerləşdirilməsi uğurla başa çatdırılıb. Ümid edirik ki, gələcək nailiyyətlərimiz də ümumilikdə Azərbaycan iqtisadiyyatının, eyni zamanda müştərilərimizin və tərəfdaşlarımızın inkişafına əhəmiyyətli töhfə verəcək”.
Qeyd edək ki, emissiyasının parametrləri aşağıdakı kimidir:
Ümumi həcm: 25 000 000 USD
Tədavül müddəti: 5 il 3 ay
Kupon faizi: 4.85%
Kupon ödənişi: Hər kvartaldan bir
PAŞA Bank - Azərbaycanın aparıcı korporativ bankıdır. 2007-ci ildə təsis olunmuş Bank, geniş spektrli korporativ bank xidmətlərini göstərir, eləcə də kreditlərin verilməsi, qiymətli kağızlar bazarında əməliyyatlar, aktivlərin idarə olunması və xəzinədarlıq xidmətləri. Baş ofis və 6 Biznes-mərkəzləri ilə təmsil olunan PAŞA Bankda 450-dən çox əməkdaş çalışır. “Europe Banking Awards” 2011, 2012, 2013 çərçivəsində Bank “Azərbaycanın ən yaxşı İnvestisiya Bankı” elan olunmuşdur, 2013-2014-cü illərdə isə "World Finance" tərəfindən "Best Private Bank in Azerbaijan" adına layiq görülmüşdür. 2014-2015 illərdə “EMEA Finance” PAŞA Bankı “Azərbaycanın Ən Yaxşı Bankı” adlandırılmışdırlar. 2016-ci ildə Bank “World Finance” jurnalı tərəfindən “Ən Yaxşı Bank Qrupu” və “Ən yaxşı Kommersiya Bankı”, Global Finance jurnalı tərəfindən isə “Ən yaxşı bank” mükafatları ilə təltif olunub.
PAŞA Bank Azərbaycanın iri investisiya Holdinqi olan və sığorta, inşaat, inşaat materiallarının istehsalı, turizm və eləcə də biznesin digər sahələrində geniş təmsil olunan PAŞA Şirkətlər Qrupunun bir hissəsidir. Azərbaycanın pərakəndə bankçılıq bazarının iri banklarından biri olan Kapital Bank da PAŞA Şirkətlər Qrupuna aiddir.