Mayın 29-da Azərbaycanın aparıcı banklarından olan «PAŞA Bank»la Rusiyanın «Qazprombank»ı arasında Əməkdaşlıq sazişi imzalanıb.
FED.az xəbər verir ki, sazişi PAŞA Bankın İdarə heyətinin üzvü və Baş əməliyyat inzibatçısı Cəlal Orucov və Qazprombankın İdarə heyətinin sədr müavini Aleksey Belous imzalayıblar.
Sazişə əsasən, iki bank müxtəlif istiqamətlərdə, o cümlədən kənd təsərrüfatı, nəqliyyat, logistika, rabitə və telekommunikasiya və s. sahələrdə investisiya layihələrinin maliyyələşdirilməsində əməkdaşlıq edəcəklər.
Bundan başqa, hər iki bank uzun-müddətli perspektivdə kapital bazarlarında, eləcə də qiymətli kağızlar ilə əməliyyatların aparılması və istiqraz ilə bağlı əməliyyatların təşkili sahəsində də tərəfdaşlıq etməyi nəzərdən keçirirlər.
Eləcə də bax: Kompensasiya ödənişi almayanları - NƏ GÖZLƏYİR?
Əməkdaşlıq sazişi həmçinin ticarətin maliyyələşdirilməsi, sindikasiya kreditlərində iştirak və müştərək layihələr çərçivəsində zəmanətlərin təmin edilməsini də əhatə edir.
İmzalama mərasimində C.Orucov qeyd edib ki, PAŞA Bank qeyri-neft sektorunun, o cümlədən ticarət və xidmətlər, kənd təsərrüfatı, tikinti, nəqliyyat və logistika kimi əsas sahələrin inkişafına diqqət yetirir.
Qazprombankın İdarə heyətinin sədr müavini Aleksey Belous isə qeyd edib ki, bu sazişinin imzalanması ölkə infrastrukturunun kompleks şəkildə inkişafı üçün iri miqyaslı investisiya layihələrinin həyata keçirilməsi sahəsində yeni perspektivlər açacaq.