«Paşa bank» ilk yarım ili 22 milyon manatdan artıq mənfəətlə başa vurub.
FED.az bankın 2-ci rübün yekunları üzrə hesabatına istinadən bildirir ki, 2018-ci ilin 2-ci rübündə bankın faiz gəlirləri ötən ilin eyni dövrünə nəzərən 9,15% azalaraq 40 mln 461 min manata, faiz xərcləri isə 3 mln 611 min manat azalaraq 9 mln 860 min manat təşkil edib. Nəticədə, xalis faiz gəlirləri ötən ilin 2-ci rübünə nisbətən 467 min manat azalaraq 30 mln 601 min manat olub. «Paşa bank»ın qeyri-faiz gəlirləri bu ilin 2-ci rüb üçün ötən ilin rübü ilə müqayisədə 41,24% azalaraq 6 mln 371 min manata düşüb. Öz növbəsində qeyri-faiz xərcləri 13,47% azalaraq 21 mln 502 min manata enib.
Yekunda, bank bu ilin 2 ci rübünü 15 mln 630 min manat mənfəətlə başa vurub, birinci rübdəki 6 milyon 532 min manat mənfəəti də nəzərə alanda bankın ilk yarım ildə mənfəəti 22 milyon 162 min manata çatıb.
Qeyd edək ki, «Paşa bank» ötən ilin 2-ci rübünü 10 mln 415 min manat zərərlə başa vurmuş, amma 2017 ci ilin yekununda 58 mln 994 min manat mənfəət əldə edib.
FED.az Paşa bankın “Maliyyə vəziyyəti haqqında” hesabatına istinadən bildirir ki, bu ilin 2 ci rübündə müştərilərə verilən kreditlərin həcmi ötən illə müqayisədə təqribən 26% artaraq 1 mlrd 37 mln manata çatıb.
Bununla yanaşı, ilin əvvəlindən isə bankın kredit portfelində kəskin azalma var. Belə ki, 2017-ci ilin əvvəlində «Paşa bank»ın kreditləri 1 milyard 350 milyon 668 min manat idi. Ötən dövr ərzində kreditlər 23,2% aşağı düşüb.
Bankın aktivlərində də azalma var. Belə ki, hazırda «Paşa bank»ın aktivləri 3 mlrd 901 milyon manat təşkil edir. Bu ötən ilin 2 ci rübünə nəzərən 17 % artıq olsa da, bu ilin əvvəli ilə müqayisədə 57 milyon manat və ya 14,4% aşağı olub. Bununla yanaşı, qeyd edək ki, bu ilin birinci rübündəki 250 milyon manatlıq azalmadan sonra ikinci rüb ərzində aktivlərin yenidən artması müşahidə edilir.
Bu dövrdə «Paşabank»ın cəmi kapitalı 6 mln 132 min artaraq 363 mln 358 min manata qədər artıb.
«Paşa bank» da yarım ilə yekun vurdu - HESABAT
17:55
18 İyul 2018