Ölkənin bank sektorunun liderlərindən olan «PAŞA Bank» 2026-cı ilin üçüncü rübünün sonuna olan maliyyə vəziyyətini açıqlayıb.
FED.AZ biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu dövrdə bank sürətli böyüməsini davam etdirib, eləcə də yüksək mənfəət göstəricisini qoruyub saxlayıb.
Belə ki, cari ilin yanvar–sentyabr aylarında «PAŞA Bank»ın faiz gəlirləri 441,6 milyon manat, faiz xərcləri isə 173,2 milyon manat olub.
Ötən ilin eyni dövrü ilə müqayisədə faiz gəlirləri 45 milyon manat (11,3%), faiz xərcləri isə 32 milyon manat (22,4%) artıb.
Faiz gəlirlərinin 244,3 milyon manatını müştərilərə verilmiş kreditlərdən əldə olunan faizlər təşkil edib. Amma «PAŞA Bank»ın faiz gəlirlərinin mənbələri genişdir. Təkcə digər banklar və maliyyə qurumları ilə kredit-depozit münasibətləri banka 130 milyon manatdan çox faiz gəliri təmin edib. Belə ki, ilk 9 ayda «PAŞA Bank»ın başqa banklara və maliyyə qurumlarına verdiyi kreditlər üzrə faiz gəlirləri 46,4 milyon manat olub. Başqa banklarda və maliyyə qurumlarında yerləşdirilən depozitlər isə banka 84,4 milyon manat gəlir gətirib.
Digər tərəfdən, «PAŞA Bank» ölkədə qiymətli kağızlar bazarından ən çox qazanan investorlardan biridir – təkcə bu ilin 9 ayında fond bazarı banka 66,2 milyon manat gəlir gətirib.
Faiz xərclərinə gəlincə, «PAŞA Bank» depozitlər üzrə 159,2 milyon manat, cəlb edilmiş kreditlərə görə isə 7,4 milyon manat faiz ödəyib. Pul bazarı alətlərinə görə ödənilən faizlər 2 milyon manat, qiymətli kağızlar üzrə faiz xərcləri isə 4,6 milyon manat təşkil edib.
Yekunda «PAŞA Bank»ın xalis faiz gəlirləri 266 milyon manat təşkil edərək illik müqayisədə 15,3 milyon manat və ya 6,1% artıb.
Hesabat dövründə bankın qeyri-faiz gəlirləri 176,2 milyon manat, qeyri-faiz xərcləri isə 250,3 milyon manat təşkil edib. 2025-ci ilin eyni dövrü ilə müqayisədə qeyri-faiz gəlirləri 24,4 milyon manat (12,2%), qeyri-faiz xərcləri isə 15,6 milyon manat (5,9%) azalıb.
Qeyri-faiz gəlirlərinin əsasını təşkil edən haqq və komissiya gəlirləri illik müqayisədə 4,9 milyon manat (3,7%) artıb, xarici valyuta əməliyyatlarından gəlirlər isə 2 milyon manat (6,5%) azalıb.
Qeyri-faiz xərclərinin 84,6 milyon manatı əməkhaqqı xərclərinin, 11,8 milyon manatı ümumi və inzibati xərclərin, 150,3 milyon manatı isə digər xərclərin payına düşüb.
Hesabat dövründə bankın əməliyyat mənfəəti 192 milyon manat təşkil edərək illik müqayisədə 6,6 milyon manat (3,6%) artıb. Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatların həcmi 6,3 milyon manat artaraq 19,3 milyon manata çatıb.
Bəhs olunan dövrdə bankın mənfəət vergisindən əvvəlki mənfəəti 172,3 milyon manat, mənfəət vergisi xərci isə 38,5 milyon manat olub. Yekunda bank cari ilin ilk 9 ayında 133,8 milyon manat xalis mənfəət açıqlayıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 965 min manat (0,7%) çoxdur.
Aktivləri 10 milyard manatlıq həddə yaxınlaşıb
Bu sürətlə böyümə davam etsə, 2026-cı ilin sonunda «PAŞA Bank»ın aktivləri 10 milyard manatı keçə bilər. İlk 9 ayın nəticələrinə əsasən, «PAŞA Bank»ın cəmi aktivlərinin həcmi 9 milyard 987 milyon manat olub. Bu, ilin əvvəlindən 580 milyon manat və ya 6,2% artım deməkdir.
Aktivlərin 40%-ini və ya 4 milyard manatını kredit portfeli təşkil edib. Kredit portfeli son 9 ayda 570 milyon manat (16,6%) artıb.
Kredit portfelində istehlak kreditləri 17 milyon manat (25,6%) azalaraq 58,1 milyon manata düşüb, biznes kreditləri 568 milyon manat artaraq 3 milyard 682 milyon manata, daşınmaz əmlak kreditləri isə 18,8 milyon manat (7,8%) artaraq 261 milyon manata yüksəlib.
«PAŞA Bank»ın digər balans göstəriciləri də iri həcmləri ilə fərqlənir.
Belə ki, bankın nağd pul vəsaitləri və onların ekvivalentlərinin, o cümlədən bloklaşdırılmış nağd vəsaitlərin həcmi 1 milyard 267,3 milyon manata yüksəlib.
Bundan əlavə, «PAŞA Bank» qiymətli kağızlara 2,9 milyard manat yatırıb, daha 1,4 milyard manat isə banklarda və digər maliyyə institutlarında depozit formasında saxlanılır. Eyni zamanda, «PAŞA Bank» digər banklara və maliyyə qurumlarına 206 milyon manat kredit ayırıb.
Hesabat dövrünün sonunda «PAŞA Bank»ın cəmi öhdəlikləri 9 milyard manatı keçib. Bu, son 9 ayda 513 milyon manat (6%) artım deməkdir.
Öhdəliklərin 83%-ini və ya 7,5 milyard manatını depozitlər təşkil edir. Dövrün sonuna «PAŞA Bank»da fiziki şəxslərin depozitləri 2 milyard manata yaxınlaşıb, şirkətlərin və digər hüquqi şəxslərin depozitləri isə 5,5 milyard manatı keçib.
Bundan əlavə, «PAŞA Bank»ın digər kredit təşkilatları və maliyyə qurumları qarşısında 651 milyon manat kredit öhdəliyi də var.
Nəticədə, 2026-cı ilin üçüncü rübünün sonunda «PAŞA Bank»ın cəmi kapitalı 918 milyon manat təşkil edib. Kapitalın 354 milyon manatı vaxtilə səhmdarların yatırdığı vəsaitdir. Bunun 504,8 milyon manatı indiyədək əldə edilmiş və bölüşdürülməmiş mənfəətin, 58,5 milyon manatı isə ümumi ehtiyatların payına düşür.






![«PAŞA Bank» bu il 600 milyon manat böyüyüb – [red]BÖYÜK MƏNFƏƏT AÇIQLADI – HESABAT[/red] | FED.az](/upload/news/small/1456999.jpeg)
![«PAŞA Bank» bu il 600 milyon manat böyüyüb – [red]BÖYÜK MƏNFƏƏT AÇIQLADI – HESABAT[/red] | FED.az](/upload/news/small/3884053.jpeg)









