Bu ilin sonuna kimi "PAŞA Bank" ASC gəlirlərini 40 mln. manata çatdırmaq niyyətindədir. Fed.az xəbər verir ki, bunu bankın İdarə Heyətinin sədri Taleh Kazımov bu gün yarımilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında çıxışında bildirmişdir.
O, həmçinin qeyd etmişdir ki, bazarda sürpriz olmasa, bu nəticəni əldə etmək mümkün olacaqdır.
Onun sözlərinə görə, 2015-ci ilin davamı olaraq 2016-cı il də bəzi çağırışlarla yadda qalıb: "Biz müştərilər üçün yaranmış bu çağırışları aradan qaldırmağa çalışmışıq. "Fitch" beynəlxalq reytinq agentliyi digər bankların kredit reytinqini aşağı saldığı təqdirdə, "PAŞA Bank"ın kredit reytinqini isə əvvəlki səviyyədə təsdiq edib. Bu isə bizim üçün böyük müvəffəqiyyətdir".
T. Kazımov onu da əlavə edib ki, bankın Türkiyə və Gürcüstandakı törəmə müəssisələri 2016-cı ilin birinci yarısını gəlirlə başa vurublar: "Hesabat dövründə "PAŞA Yatırım Bankası"nın (Türkiyədəki törəmə bank - red.) aktivlərinin həcmi 400 milyon lirəyə, gəlirləri isə 6,7 milyon lirəyə çatıb. "PASHA Bank Georgia"nın (Gürcüstandakı törəmə bank) aktivləri isə hesabat dövrü ərzində 300 milyon lari, gəlirləri isə 2,2 milyon lari təşkil edib".