Azərbaycanın aparıcı banklarından olan «Paşa Bank» 2023-cü ilin 2-ci rübünün nəticələrini açıqlayıb.
Azərbaycanın ən böyük bankından böyük mənfəət – GƏLİRLƏRİ ARTDI, HESABAT AÇIQLANDI
FED.az bankın hesabatına istinadən xəbər verir ki, ilin ilk 6 ayında «Paşa Bank»ın aktivləri 143 milyon manat azalaraq 8 milyard 377 milyon manata enib. Xatırladaq ki, ilin əvvəlində bu rəqəm 8 milyard 520 milyon manat idi. Azalma əsasən nağd vəsaitlərin hesabına baş verib – ilin əvvəlində 3 milyard manatı keçən vəsaitlər indi 1,3 milyard manata enib.
Nağd pullar qiymətli kağızlara yatırılıb
Bank menecmenti nağd vəsaitlərin bir hissəsini – təqribən 690 milyon manatı qiymətli kağızlara yatırıb. Nəticədə «Paşa Bank»ın qiymətli kağızlara yatırımları 1,7 milyard manatdan 2,4 milyard manata yüksəlib. Bankın aktivlərinin böyük hissəsini kredit portfeli (2 milyard 744 milyon manat) və qiymətli kağızlara yatırımlar (2 milyard 434 milyon manat) təşkil edir.
Başqa banklarda depozitləri 2 dəfə artirib
Bu il «Paşa Bank» başqa banklarda yerləşdirdiyi depozitlərin həcmini kəskin artırıb – ilin əvvəlində 600 milyondan aşağı olduğu halda, hazırda «Paşa Bank»ın digər banklarda 1,4 milyard manat depoziti yerləşdirilib.
Kredit portfeli demək olar dəyişməyib
2023-cü ilin ilk 6 ayında «Paşa Bank»ın kredit portfeli cəmi 16 milyon manat artıb. Üstəlik, təkcə 2-ci rübə baxdıqda kredit portfelində cüzi də olsa azalma var – 9 milyon manat, belə ki,martın sonunda kreditlər 2 753 milyon manat idi. Ənənəvi olaraq «Paşa Bank»ın kredit portfelinin əsas hissəsini biznes kreditlər təşkil edir – 2 394 milyon manat və ya bütün kredit portfelinin 87%-i.
İstehlak kreditləri 225 milyon manat, daşınmaz əmlak kreditləri isə 125 milyon manatdır. İlin əvvəli ilə müqayisədə istehla kreditləri 45 milyon manat azalıb, daşınmaz əmlak kreditlərində isə 14 milyon artım olub.
Depozit portfeli kiçilib
Maraqlı dəyişikliklər «Paşa Bank»ın öhdəlikləri və depozit portfelində baş verir. İlin ilk 6 ayının nəticələrinə görə, bankın öhdəlikləri 230 milyon manat azalaraq 7 627 milyon manata enib. Azalmanın səbəbi depozit portfelinin kiçilməsidir – «Paşa Bank»da ilin əvvəlndə 7 milyard manatdan artıq olan depozitlər 6 ay ərzində 280 milyon manata yaxın azalaraq 6 726 milyon manata enib.
Şirkətlər "Paşa Bank"dan 400 milyon manat çıxarıblar
Depozit portfelinin azalması isə bankda hüquqi şəxslərin depozitlərinin azalması ilə bağlıdır – bu rəqəm ilin əvvəlindən bəri 400 milyon manatdan çox azalaraq 5,4 milyard manatdan 5 milyard manata düşüb. Əvəzində bankda fiziki şəxslərin əmanətləri 140 milyon manata yaxın artaraq 1 milyard dolları keçib.
2023-ci ilin ilk yarısının nəticələrinə görə, «Paşa Bank»ın cəmi kapitalı 88 milyon manat artaraq 750 milyon manatı keçib. Artımın böyük hissəsi – 67 milyon manatı səhmdarların kapital artımı hesabına olub.
Daha çox pul qazanmağa başlaylb - mənfəəti 42% artıb
İlk yarım ildə «Paşa Bank»ın faiz gəlirləri 204 milyon manat, faiz xərcləri 27 milyon manat, xalis faiz gəliri 169,5 milyon manat olub. Ötən ilin eyni dövrü ilə müqayisədə gəlirlərdə təqribən 50 milyon manat artım olub.
Hesabat dövründə «Paşa Bank»ın qeyri-faiz gəlirləri 92,8 milyon manat, qeyri-faiz xərcləri 138,8 milyon manat təşkil edib.
Mümkün zərərlər üzrə yaradılan ehtiyatlara 5,5 milyon manat ayrıldıqdan sonra Bankın vergidən əvvəlki mənfəəti 118 milyon manat, 21 milyon manat mənfəət vergisi ödənişindən sonra isə xalis mənfəəti 97,1 milyon manat təşkil edib.