Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının 30 mart 2017-ci il tarixli qərarına əsasən "Para" bank olmayan kredit təşkilatı (BOKT) ASC-yə girov əmanəti qəbul etmək hüququ ilə kreditlərin verilməsinə dair lisenziya verilib.
Palatadan FED.az-a verilən məlumata görə, "Parabank" ASC-nin lisenziyası MBNP-nin Direktorlar Şurasının 21 iyul 2016-cı il tarixli qərarı ilə ləğv edilib və məhkəmənin qərarına əsasən banka Əmanətlərin Sığortalanması Fondu ləğvedici kimi təyin edilib. Fond 43 mln. manat sığortalanmış əmanətlər üzrə kompensasiya ödəyib.
Fond və "Parabank"ın səhmdarları arasında bankın BOKT-a transformasiyası məsələsi razılaşdırılıb və MBNP-yə müraciət edilib.
MBNP-nin məsələyə dair ilkin razılığı alındıqdan sonra bankın BOKT-na çevrilməsi ilə bağlı Fond tərəfindən 22 avqust 2016-cı il tarixində Məhkəməyə müraciət edilib və məhkəmənin 31 avqust 2016-cı il tarixli qərarı ilə ərizə təmin edilib. "Para" BOKT-un nizamnaməsi 2 dekabr 2016-cı il tarixində dövlət qeydiyyatına alınıb.
Məhkəmənin 9 fevral 2017-ci il tarixli qərardadı ilə "Parabank"ın məcburi ləğv prosesi dayandırılıb və Fondun ləğvedici kimi fəaliyyətinə xitam verilib. Cəmiyyət BOKT kimi fəaliyyətə başlamaq üçün xüsusi icazə almaq məqsədilə 9 mart 2017-ci il tarixində MBNP-yə müraciət edib.
"Parabank" ASC-nin hüquqi və fiziki şəxslər qarşısında 39 mln. manat məbləğində öhdəliyi icra edilib, qalan digər öhdəlikləri isə kreditorlarla razılaşdırılaraq tənzimlənib.
MBNP “Bank olmayan kredit təşkilatları haqqında” qanunun 11.3-cü maddəsini və MBNP-nin Nizamnaməsinin 5.3.20-ci bəndini rəhbər tutaraq, “Para” BOKT ASC-yə girov əmanəti qəbul etmək hüququ ilə kreditlərin verilməsinə lisenziya verib.
Bununla da, ilk dəfə bankın digər kredit təşkilatına - bank olmayan kredit təşkilatına çevrilməsi prosesi həyata keçirilib.
Direktorlar Şurasının iclasında həmçinin “Para” BOKT ASC-nin xidmət şəbəkəsinin formalaşdırılması məqsədilə 20 filialının açılması müraciətinə baxılıb və müvafiq icazələrin verilməsinə dair müsbət qərar qəbul edilib.