Koronavirus pendemiyası dövründə işi evə gətirən xidmət sektorlarından biri də sığorta şirkətləri olub. Artıq ölkənin əksər sığorta şirkətlərinin əməkdaşlarının bir hissəsi evdən çalışır, şirkətlər bu vəziyyətdə xidmət səviyyəsini əvvəlki həddə saxlamağa və müştəriləri itirmməyə çalışırlar.
FED.az sığorta şirkətlərinin bu dövrdə iş rejimi və göstərdiyi xidmətlərlə maraqlanıb.
“Qala Həyat” Sığorta Şirkəti ASC-nin İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Azər Əlizadə bildirib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın pandemiya ilə bağlı ölkə ərazisində bəzi sosial izolyasiya tədbirlərini nəzərə alaraq, əməkdaşlarımızın 95%-i evdən, yəni onlayn formada işləyirlər. Əməkdaşların evdən çalışmasına baxmayaraq “Qala Həyat” sığorta şirkəti tərəfindən göstərilən xidmətlərin heç biri təxirə salınmayıb, bütün xidmətlər aktivdir.
Ofisə gələn əməkdaşlarımız da təsdiq edilmiş qaydalara və tövsiyyələrə uyğun şəkildə qoruyucu vasitələrdən istifadə etməklə fəaliyyətlərini davam etdirilər. Əməkdaşlar onlayn fomada işlərini tam icra edirlər.
A.Əlizadə bildirib ki, şirkətin 1540 qısa nömrəli qaynar xətti 7/24 saat işləyir. İşimizdə heç bir yubanma yoxdur.
“Rəvan Sığorta”nın insan resursları üzrə aparıcı mütəxəssis Nəzrin Əhmədova bildirib ki, işçilərin 50%-i ofisdən, 50% isə evdən işləyir: “Satış və qəza üzrə mütəxəssislər evdən işləyirlər. Hansı ki, onların iş yerinə gəlməyə ehtiyacı yoxdur. Bəzi işçilərin – hüquqşünas, ümumi şöbə, təkrar sığorta üzrə mütəxəssislərin işə gəlməyi dəyişir. Əgər iş təxirə salınmazıdrsa, onlar gəlib ofisdə işləyirlər. Bəzən gün ərzində 2-3 saat ofisdən işləyib evə qayıdan əməkdaşlarımız da olur”. N.Əhmədova onu da qeyd edib ki, evdən işləmək sığorta şirkətinin heç bir işini təxirə salmır: “Sığorta xidmətləri hansısa qaydada təmin olunur. Yeni bağlanan müqavilələr də təxirə salınmır. Satış həyata keçirilən zaman fiziki və hüquqi şəxslərlə müqavilələrin bağlanması yenə də təmin olunur”.
“PAŞA Sığorta” şirkətinin Marketinq əlaqələri PR şöbəsinin müdiri Məruz Əzməmmədovanın verdiyi məlumata görə, əməkdaşların evdən işləməsi məsələsi maksimum şəkildə təmin edilib. “Ofisdə çalışan əməkdaşlarımız da var. Onlar da növbəli iş prinsipinə uyğun şəkildə fəaliyyətlərini davam etdirirlər”.
M.Əzməmmədova bildirib ki, mövcud vəziyyətlə bağlı sığorta xidmətlərinin göstərilməsində heç bir məhdudiyyət yoxdur. Hətta vəziyyəti nəzərə alaraq, “Paşa Sığorta” tərəfindən yeni məhsul və kampaniyalar da təqdim edilir.
“PAŞA Həyat” sığorta şirkəti bu barədə sorğunu cavablandırmaqdan imtina edib.
“Standard Insurance” şirkətinin İdarə Heyətinin sədri Kamran Babayevin sözlərinə görə, işçilərin bir hissəsi evdən, bir hissəsi ofisdən çalışır. Bu qayda şirkətdə bütün şöbələrə tətbiq edilib. İş saatları 09:30 – 17:00 müəyyən edilib. Tərəfimizdən heç bir xidmət dayandırılmayıb. Bütün istiqamətlərdə fəaliyyətimizi davam etdiririk.
“Qala Sığorta” şirkətinin İdarə Heyətinin sədri Fuad Allahverdiyevin sözlərinə görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın pandemiya ilə bağlı sosial izolyasiya tədbirləri ilə bağlı tələblərə uyğun olaraq əməkdaşlarla bağlı xüsusi iş qrafiki tətbq edilib.
Qrafikə əsasən, əməkdaşların 95%i evdən çalışır. Ofidə gələn əməkdaşlar isə təsdiq edilmiş qaydalara və tövsiyyələrə uyğun şəkildə qoruyucu vasitələrdən istifadə etməklə fəaliyyətlərini davam etdirirlər.
Qeyd etməliyəm ki, xüsusi iş qrafikinin tətbiqi şirkət tərəfindən göstərilən sığorta xidmətlərində məhdudiyyətlər yaratmayıb. Bütün xidmətlər aktivdir.
“Azərbaycan Sənaye Sığorta” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Şəfəq Nəcəfova bildirib ki, növbəlilik prinsipi ilə işçilərin 50%-i ofisdən, 50% isə evdən işləyir: “Bu müddətdə qəzalar da tənzimlənir, müştəri müraciətləri də vaxtında cavablandırılır. Heç bir sıxıntı yoxdur. Heç bir sığorta xidməti təxirə salınmayıb. Əvvəlki iş rejimi qaydasında olduğu kimi, tam olaraq müştərilərimizin xidmətindəyik”.
Şəfəq Nəcəfova hazırda əsasən kasko, qəza, icbari sığorta növləri üzrə müraciətlərin olunduğunu da deyib: “İstər regionlar üzrə olsun, istərsə də paytaxtda bütün müraciətlər tənzimlənir”.
“A-Group” sığorta şirkətindən verilən məlumata görə, ümumilikdə rejimdə dəyişiklik olmayıb: “Şirkət əvvəlki qaydada 24/7 saat fəaliyyət göstərir, lakin əməkdaşların böyük bir hissəsi evdən işləyir. Bütün xidmətləri olayn formada göstərməyə davam edirlər. Ödənişlə bağlı təcili zərurət yarananda işçilər təhlükəsizlik qaydalarına əməl etməklə müştərilərə POS-terminallar aparırlar”.
“İpək Yolu Sığorta” şirkətindən bildirilib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın pandemiya ilə bağlı müvafiq qərarlarına uyğun olaraq şirkət tərəfindən əməkdaşlarla bağlı xüsusi iş qrafiki tətbiq edilib. İşçilərin yalnız 30%-i həmin qrafikə uyğun olaraq növbəlilik prinsipləri əsasında xüsusi qoruyucu vasitələrdən istifadə etməklə ofisdən çalışırlar. Qalan əməkdaşlar evdən çalışır.
Xüsusi iş qrafiki tətbiq edilməsinə baxmayaraq “İpək Yolu Sığorta” şirkəti tərəfindən müştərilərə göstərilən xidmətlərdə hər hansı bir məhdudiyyət yaranmayıb, bütün xidmətlər aktivdir.
“AzərSığorta” – Dövlət Sığorta Kommersiya Şirkətinin Hüquq Departamentinin direktoru Əfqan Mirzəyevin bildirdiyinə görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın pandemiya ilə bağlı müvafiq qərarlarına əsasən, işçilərin 70%-i evdən çalışır. Şirkət tərəfindən müştərilərə bütün xidmətlər göstərilir. İşimizdə demək olar ki, gecikmələr yoxdur. Yalnız sığorta hadisələri baş verdikdə ödənişlə bağlı sənədlərin onlayn qaydada göndərilməsində gecikmələr baş verir ki, bu kimi problemin də şirkətlə heç bir bağlığı yoxdur. Gecikmələr daha çox rayon yerlərində müşahidə olunur ki, bu da rayonda olan müştərilərin internet xidmətlərinə çıxışının məhdud olması, bir sözlə texniki imkanların kifayət qədər olmaması ilə bağlıdır.
“Günay Sığorta” şirkətinin İdarə Heyətinin sədri Akşin Cahangirovun sözlərinə görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına əsasən, şirkət əməkdaşlarının yalnız 30%-ni işə çıxara bilər. Biz də bu qərara riayət edərək növbəlilik prinsipinə uyğun olaraq əməkdaşlarımızın yalnız 30%-ni işə cəlb etmişik. Ofisdən çalışan əməkdaşlarımız təsdiq edilmiş qaydalara və tövsiyyələrə uyğun şəkildə qoruyucu vasitələrdən istifadə etməklə fəaliyyətlərini davam etdirilər. Qalan 70% əməkdaşımız isə evdən çalışır.
A.Cahangirov bildirib ki, mövcud vəziyyətlə bağlı yalnız korporativ müştərilərlə görüşlər təxirə salınıb. Qalan xidmətlərimiz aktivdir. Sığorta ödənişləri şöbəsi, o cümlədən qəza kommisarları 7/24 saat rejimində fəaliyyət göstərirlər.
“Ata Sığorta” şirkətindən verilən məlumata görə, şirkətin işçilərinin hamısı evdən işləyir: “Şirkətin bütün xidmətləri həyata keçirilir. Sığorta müqavilələrinin yazılması, hadisələrin araşdırılması, hadisə yerinə qəza komissarlarının göndərilməsi kimi xidmətlər əvvəlki qayda ilə davam edir. Şirkətin 936 qaynar xətti açıqdır. Bütün müraciətlər həmin xətdən əlaqələndirilir və lazımi əməkdaşlara ünvanlanır. Həmin əməkdaşlar da bu müraciətlərə cavab olaraq öz xidməti vəzifələrini yerinə yetirirlər”.
“Bakı Sığorta” şirkətindən verilən məlumata görə, şirkətin işçilərinin böyük əksəriyyəti evdən işləyir: “Əməkdaşların 85-90%-i evdən çalışır. Bütün xidmətlərimiz aktivdir. Əsasən kasko sığorta müqavilələri bağlanılır”.
“AzSığorta” şirkətindən FED.az-a bütün xidmətlərin göstərildiyi bildirilib: “Əməkdaşlar əvvəlki iş rejimində çalışırlar, saat 9-18:00. "Back office” əsasən, evdən işləyir. Müştərilərə birbaşa xidmət edən zərər ödənişləri departamentinin işçiləri növbəli işləyirlər”.
“Atəşgah Həyat” və “Atəşgah” ASC-dən verilən məlumata görə, şirkət onlayn və oflayn xidmət göstərməyə davam edir: “Ölkə ərazisində bəzi sosial izolyasiya tədbirlərini nəzərə alaraq, “Atəşgah” Sığorta Şirkəti müştərilərə sığorta xidməti göstərməyə davam edəcək. Şirkət öz müştərilərini və həmkarlarını düşünərək, işləri üzrə sənədləri təmassız və ya online şəkildə “Zərərlərin tənzimlənməsi” ofisinə təqdim etmə imkanını yaradıb. Belə ki, artıq müştəri baş vermiş hadisə ilə bağlı, təqdim edəcəyi zəruri sənədləri “Zərərlərin tənzimlənməsi” ofisində müvafiq qutuya yerləşdirməklə şirkətə çatdıra bilər. Qəza komissarı tərəfindən hər bir müştəriyə hadisə yerində, öncədən hazırlanmış zərf təqdim olunur (zərfə bildiriş forması və sığorta tələbi daxildir). Müştəri öz növbəsində təqdim etməli olduğu sənədləri zərfə yerləşdirməli və onu “Zərərlərin tənzimlənməsi” ofisində olan müvafiq qutuya atmalıdır”.
“Meqa Sığorta" şirkətinin biznesin inkişafı departamentinin müavini Fatimə Sadıqova bildirib ki, qanunvericiliyə əsasən, işçilərin 30%- i işləməlidir: “Hazırda bizdə də işə çıxan əməkdaşlarımızın sayı 30% təşkil edir, qalanlar məsafədən işləyir. Şirkət əvvəl hansı sığorta növlərinə təminat verirdisə, indi də həmin qaydada işlərini davam etdirir. Həm əməliyyat şöbəsi, həm də müştəri xidmətləri fəaliyyət göstərir. Bu müddət ərzində xüsusi artan müqavilə növləri yoxdur”.
Şirkət sözçüsü yaşı 65-dən yuxarı əməkdaşların olduğuna da diqqət çəkərək onların da məsafədən iş rejiminə keçdiyini deyib: “Onların ofisə gəlmələrinə qətiyyən icazə yoxdur”.
“Xalq Sığorta” və “Xalq Həyat” şirkətləri FED.az redaksiyası tərəfindən göndərilən sorğunu hər hansı bir səbəb göstərmədən cavablandırmaqdan imtina edib.
“Amrah Sığorta” şirkətindən bildirilib ki, iş rejimində dəyişiklik olmayıb: “Hazırda şirkətin üç nəfər yaşlı əməkdaşı evdə oturub. Qalan heyət isə işlərini davam etdirir”.