Palata ilə Mərkəzi bankın rəqəmləri niyə fərqlənir? – RƏSMİ CAVAB
19:2814 Dek 2017
Azərbaycan Mərkəzi Bankı (AMB) və Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) açıqladıqları statistik göstəricilərin üst-üstə düşməməsinə aydınlıq gətiriblər.
FED.az xəbər verir ki, Azərbaycanın bank sektorunda müştərilərə verilən kreditlərdə Mərkəzi Bankın (AMB) və Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı statistik göstəricilər üst-üstə düşmür.
Belə ki, AMB bu il noyabrın 1-nə olan vəziyyətə görə, Azərbaycan banklarının kredit portfelinin 12 milyard 152.2 milyon manat olduğunu bəyan edib. MBNP isə həmin tarixə açıqladığı icmalda bankların müştərilərə verdiyi kreditlərin 11 milyard 707,5 milyon manat olduğunu göstərib.
Yəni, arada 44,47 milyon manatlıq fərq var.
Maliyyə Bazarlarına Nəzarət Palatasından "Marja"ya bildirilib ki, Palata tərəfindən açıqlanan məlumatlar nəzarət məqsədi ilə təqdim olunmuş hesabatlar əsasında icmallaşdırılır: "Bu çərçivədə maliyyə institutlarına verilmiş kreditlər “Banklar da daxil olmaqla, maliyyə institutlarına kreditlər” kateqoriyası üzrə qruplaşdırılır.
Bundan əlavə, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin depozitləri nəzarət məqsədləri üçün hüquqi şəxs kateqoriyasına aid edilir. Bütövlükdə isə, icmal göstəricilərdə fərq müşahidə edilmir".
Azərbaycan Mərkəzi Bankının Mətbuat xidmətinin rəhbəri Namiq Əliyevin isə FED.az a verdiyi məlumata əsasən, yaranan fərq rəqəmlərlə deyil, metodologiya ilə əlaqədardır: “AMB-nin hesablamaları Beynəlxalq Valyuta Fondunun "Pul və Maliyyə Statistikası" metodologiyasına əsasən aparılır və bu barədə statistikalarda qeyd olunur. Həmçinin, Mərkəzi Bankın "Fiziki şəxslərin əmanətləri" göstəricisinə fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin əmanətləri daxildir”.
“Sadəcə hesablama standartları fərqli olduğuna görə fərqlilik yaranıb” –deyə N.Əliyev bildirib.