30 sentyabr 2019-cu il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 31,363.3 mln. manat, cəmi öhdəlikləri isə 26,674.8 mln. manat təşkil edib.
FED.az xəbər verir ki, sektorun balans kapitalı 4,688.5 mln. manat olub.
Eləcə də bax: Azərbaycanda banklar üçün yeni öhdəlik müəyyənləşdirilir
Aktivlər
Sentyabr ayına sektorun aktivlərinin 44.2 %-ni kredit portfeli təşkil edib. Cari ilin 9 ayı ərzində kredit portfeli 9.8% (1.2 mlrd. manat) artıb. Banklar üzrə ümumi kredit portfeli ayın sonuna 13,872.1 mln. manat təşkil edib. Kredit portfelinin 61.6%-ni biznes, 38.4%-ni isə istehlak kreditləri təşkil edib. Aktivlərin 46.4%-ni xarici valyutada olan aktivlər təşkil edir. Kredit portfelinin 34.8%-i xarici valyutadadır.
Eləcə də bax: Banklar 3 rübü necə başa vurdu - MƏNFƏƏT- ZƏRƏR - SİYAHI
Öhdəliklər
2019-cu ilin sentyabr ayında fiziki şəxslərin əmanətləri 8,491.3 mln. manat təşkil edib. Bu ilin əvvəli ilə müqayisədə 2.7% (221.6 mln. manat) artım deməkdir. Artım daha çox tələbli əmanətlər hesabına baş vermişdir. Belə ki, ilin əvvəlindən tələbli əmanətlər 8.4% (235.0 mln. manat) artmışdır. Digər müsbət trend milli valyutada olan əmanətlərin 21.8% (665.3 mln. manat) artmasıdır. Xarici valyutada olan əmanətlər isə əksinə olaraq 8.5% (443.7 mln. manat) azalmışdır.
Hüquqi şəxslərin cəmi əmanətləri doqquz ay ərzində 12.2% (1,259.8 mln. manat) artaraq 11,571.3 mln. manata çatıb. Artım daha çox müddətli depozitlər hesabına baş vermişdir. İlin əvvəlindən müddətli depozitlər 86.3% (1,250.9 mln. manat) artaraq 2,700.6 mln. manata çatmışdır.
Kapital
Sektorun kapital mövqeyi qənaətbəxşdir. Belə ki, sentyabr ayına məcmu kapital 4,236.4 mln. manat təşkil edir ki, bu da ilin əvvəli ilə müqayisədə 17.0% çoxdur. Balans kapitalı ilin əvvəlindən 15.1% artaraq 4,688.5 mln. manat təşkil etmişdir.
Mənfəət və zərər
2019-cu ilin 9 ayı ərzində bank sektoru 645.7 mln. manat əməliyyat mənfəəti generasiya edib. Sektorun xalis mənfəəti isə 522.7 mln. manat təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə faiz gəlirləri 10.6%, kreditlər üzrə faiz gəlirləri isə 14.4% artmışdır.
Maliyyə indikatorları
Sentyabr ayında məcmu kapitalın adekvatlıq əmsalı 22.6% (minimum normativi 2.3 dəfə üstələyir) təşkil etmişdir.Sektor ani likvidlik əmsalı üzrə minimum tələbi 1.9 dəfə üstələyir (57.8%). Bank sektoru üzrə ROA və ROE göstəriciləri müvafiq olaraq 2.3% və 16.9% təşkil edir.
Ümumi məlumatlar
Fəaliyyət göstərən 30 bankdan 14-ü xarici kapitallıdır, bunlardan 7-də xarici kapitalın payı 100% təşkil edir. 30 bankın filiallarının sayı 515, şöbələrinin sayı 129, ATM-lərin sayı 2,592 olub. Bank sektorunun işçi heyətinin sayında artım sentyabr ayında da davam etmişdir. Belə ki, 2019-cu ilin 9 ayı ərzində işçi sayı 8.6% (1496 nəfər) artaraq 18,911 nəfər təşkil edib.