Azərbaycanda elektronika və məişət texnikasının pərakəndə satışı bazarının əsas oyunçularından olan «Optimal Elektronika» Avropa Bankından böyük məbləğdə kredit cəlb edəcək.
Bu barədə FED.az-a bankdan xəbər verilib.
Eləcə də bax: “Optimal Electronics” cərimələnə bilər - XARİCİ ƏMƏLİYYATLARA GÖRƏ
«Azərbaycanda elektronika və məişət texnikasının pərakəndə satıcısı olan Optimal Elektronika öz fəaliyyətini AYİB-in ayırdığı 11,5 milyon avro ekvivalentində manat krediti ilə genişləndirəcək»-deyə bankın açıqlamasında bildirilir.
Qeyd edək ki, Optimal Elektronika 1997-ci ildən fəaliyyət göstərir və ölkə üzrə 79 satış mağazası var.
Bankın məlumatına görə, ayrılacaq kredit yeni inzibati binanın və anbarın tikintisi, resursların planlaşdırılması üzrə SAP proqram təminatının alınması və qısamüddətli bank kreditlərinin yenidən maliyyələşdirilməsi üçün istifadə olunacaq. AYİB-in ayırdığı kredit həmçinin satışların gözlənilən artımı ilə əlaqədar şirkətin dövriyyə vəsaitinin maliyyələşdirilməsinə sərf ediləcək.
Azərbaycanda uğurlu şirkətlərin dəstəklənməsi AYİB-in ölkə iqtisadiyyatının daha rəqabətli olmasını və şaxələndirilməsi səylərinin tərkib hissəsidir.
AYİB Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi və özəl sektorun inkişaf etdirilməsi səylərinə dəstək göstərən aparıcı institusional investorlardan biridir. İndiyədək AYİB Azərbaycanda 168 layihəyə 3.3 milyard avro investisiya qoyuluşu etmişdir. Bank həmçinin yerli kiçik və orta sahibkarlıq müəssisələrinə biznes məsləhət xidməti göstərir və mindən artıq firmanın öz göstəricilərini yaxşılaşdıraraq inkişafına yardım etmişdir.