Azərbaycanda bank kartları ilə bağlı yeni dələduzluq halı qeydə alınıb.
FED.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin nümaynədəsi Elşad Hacıyev məlumat yayıb.
Dələduzluq nəticəsində daha bir vətəndaşın bank kartından kiber üsulla 27 283 AZN oğurlanıb. DİN nümayəndəsinin sözlərinə görə, Hacıqabul sakini olan vətəndaşın telefonuna +94….. (+994… AZE oxşarlığı) kodlu xarici nömrədən zəng edilib və bildirilib ki, «sizə sığorta ödənişi var, onlayn formatı təsdiqləməlisiniz».
Bundan sonra «Seçilən qurbanın (yəni vətəndaşın) onlayn görüntüləri çəkilməklə onun adına bankdan 21 000 manat kredit götürülüb». Bundan başqa, vətəndaşın bank kartında olan vəsaiti də - ümumilikdə 27 283 manat oğurlanıb.
Maraqlıdır ki, bu prosesdə Hacıqabuldan olan vətəndaş ona zəng edən naməlum şəxsin bütün tapşırıqlarını yerinə yetirib, o cümlədən bütün sorğuları və kodları təsdiqləyib, nəticədə böyük vəsait itirib.
«Soruşuruq ki, bilirdiz belə hallar var və sizi aldada bilərlər? Bütün suallarımıza “bilmirəm”deyə cavab verir...»-deyə DİN rəsmisi bildirib.
DİN nümayəndəsi vətəndaşları belə hallardan ehtiyatlı olmağa çağırıb:
«Bir daha vətəndaşları naməlum zənglərdən, cəlbedici qazanc, sığorta, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Naməlum zənglərlə, mesajlarla danışıq aparılmamalıdır, dərhal bloklanmalıdır. Əks halda aldadıb şəxsi məlumatlarınızı əldə etdikdən sonra pullarınızı talayacaqlar, adınıza kredit götürüləcəklər.
Təhlükə var, sən də tələyə düşə bilərsən…Diqqətli ol…»-deyə E.Hacıyev bildirib.