2019-cu ilin 9 ayı ərzində Azərbaycanın tədiyyə balansının profisiti 4 milyard 167 milyon dollar təşkil edib. Ötən ilin eyni dövründə tədiyyə balansının profisiti 3 milyard 665 milyon dollar təşkil etmişdi. Beləliklə, illik müqayisədə tədiyyə balansının profisiti 502 milyon dollar və ya 13,7% artıb.
FED.az Mərkəzi Bank-a istinadən xəbər verir ki, “2019-cu ilin 9 ayı üzrə tədiyə balansının ümumi profisiti həm neft qiymətinin yüksək olması, həm də Cari Əməliyyatlar Balansında yaranmış müsbət tendensiyalar hesabına formalaşmışdır. Cari əməliyyatlar Balansında yaranmış 4 mlrd dollarlıq profisit ehtiyat aktivlərinin 4.2 milyard dollar artmasını şərtləndirmişdir”
Eləcə də bax:Qiymətlər gələn il də çox artmayacaq - MƏRKƏZİ BANK
Mərkəzi Bankın məlumatında qeyd edilib ki, 2019-cu ilin 9 ayı üzrə cari əməliyyatlar hesabının profisiti ötən ilin müvafiq dövrünə nəzərən (ö.i.m.d.n.) 21.3% azalaraq 4 milyard təşkil etmişdir. Neft-qaz sektoru üzrə profisit ö.i.m.d.n. 6.9% (677 milyon dollar) azalaraq 9.2 milyard dollar, qeyri-neft sektoru üzrə CƏB kəsiri isə 8.5% (408 milyon dollar) artaraq 5.2 milyard məbləğində olmuşdur. Nəticədə cari əməliyyatlar hesabında neft-qaz sektorunun profisiti qeyri-neft sektorunun kəsirini tam örtmüşdür. CƏB profisitinin əsas səbəbi xarici ticarət və təkrar gəlirlər balanslarında formalaşan profisitin xidmətlər və ilkin gəlirlər balanslarında yaranmış kəsiri tam örtməsi ilə əlaqədardır.