Cari ay ərzində “Muğan Bank”ın lisenziyası ləğv edildi. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 18 oktyabr 2023-cü il tarixli qərarı ilə məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdarından az olduğuna, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olmasına, cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyinə, habelə bankın daxili idarəetmə və nəzarət prosedurları adekvat olmadığına görə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.6-cı, 16.1.7-ci, 16.1.9-cu, 16.1.18-ci, 57-ci və 61.1-ci maddələrinə əsasən “Muğan Bank” ASC-nin lisenziyası 19 oktyabr 2023-cü il tarixindən etibarən ləğv edilib, banka müvəqqəti inzibatçı təyin edilib və bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunub.
Banka əmanət yerləşdirənlərə - "XÜSUSİ DİQQƏT" XƏBƏRDARLIĞI
Bundan bir müddət öncə isə Azərbaycan Mərkəzi Bankının (AMB) mayın 16-da lisenziyasını ləğv etdiyi "Günay Bank" ASC müflis elan olunub.
Bəs hazırda ölkədə daha hansı bankların bağlanma təhlükəsi var? Bu halların qarşısı necə alına bilər ?
FED.az xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, “Muğan Bank” aktivlərinin həcminə görə Azərbaycanda faliyyət göstərən 24 bankdan 16-cı idi.
"Azərbaycanda aktivlərinin həcmi az olan banklar fəaliyyət göstərir. Amma təbii ki, aktivlərin həcmi yeganə meyar deyil. Burada digər meyarlar da var. Eyni zamanda, bu ilin 9 ayında “Muğan Bank”la yanaşı, başqa bankda da zərər qeydə alınıb. Bu ondan xəbər verir ki, nisbətən zəif hesab edilən bankların sağlamlaşdırılması ilə bağlı proqramın hazırlanıb icra edilməsinə ehtiyac var. Bununla da biz növbəti dövrdə bankların müflisləşməsini deyil, onların sağlaşdırılmasını müşahidə etməliyik. Həmin bankların ciddi şəkildə dəstəklənməsi ilə bağlı fəaliyyətlərin gücləndirilməsinə ehtiyac var", - deyə o əlavə edib.
Deputat əlavə edib ki, ümumiyyətlə, bank sektorunda şəffaflığın artırılmasına, daha səmərəli, çevik menecmentin qurulmasına dəstək göstərilməsinə ehtiyac var.
"Xüsusən bankdaxili idarəetmədə şəffaflığın təmini sahəsində fəaliyyətin gücləndirilməsi önəmlidir. Çünki müflis olan bankların təcrübəsi göstərir ki, yaranan problemlərdən biri bankdaxili idarəetmədə şəffaflığın zəif olmasıdır", - deyə V.Bayramov əlavə edib. (Trend)